Qurama sənəti UNESCO-nun qeyri-maddi irs üzrə reprezentativ siyahısına salına bilər

Qurama sənəti UNESCO-nun qeyri-maddi irs üzrə reprezentativ siyahısına salına bilər

Qurama sənəti UNESCO-nun qeyri-maddi irs üzrə reprezentativ siyahısına salına bilər.

“Report”un xəbərinə görə, bunu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə Bakıda “Türk dünyasının tarixi və mədəni irsinin öyrənilməsi və qorunub saxlanması - UNESCO nöqteyi-nəzərindən” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, Azərbaycanda və türk dünyasında qədim tətbiqi incəsənət praktikası olan Qurama ənənəsinin yaşadılması qeyri-maddi mədəni irsin qorunması istiqamətində prioritet layihədir:

"Zəngin və rəngarəng, həndəsi ornamentli naxışların üstünlük təşkil etdiyi Qurama bədii tikmə növü Azərbaycanın dekorativ sənət mədəniyyətində özünəməxsus yer tutur. Bu layihə çərçivəsində Quramanın UNESCO-nun qeyri-maddi irs üzrə reprezentativ siyahısına salınmasını qarşımıza məqsəd qoymuşuq. Artıq iki ildir Bakıda və bir neçə şəhərdə Milli Qurama Festivalı keçirilib, İçərişəhərdə Qurama sərgisi təşkil olunub və Qurama kitabı çap edilib. Qurama sənətinin UNESCO-nun müvafiq siyahısına daxil edilməsi məqsədilə nominasiya faylı hazırlanıb və hazırda sənədin təqdim edilməsi üzərində iş aparılır".

Qeyd edək ki, tədbir UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyası, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türkiyənin UNESCO üzrə Milli Komissiyası, eləcə də ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.