Türk Mədəniyyəti və İrsi Fondu Qoçəhmədli məscidinin bərpasına dəstək verəcək

Türk Mədəniyyəti və İrsi Fondu Qoçəhmədli məscidinin bərpasına dəstək verəcək

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Füzuli rayonunun Qoçəhmədli kəndində yerləşən məscidi bərpa edəcək.

“Report”un xəbərinə görə, bunu Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Bakıda “Türk dünyasının tarixi və mədəni irsinin öyrənilməsi və qorunub saxlanması – UNESCO nöqteyi-nəzərindən” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

O söyləyib ki, üzv və müşahidəçi dövlətlərdə həyata keçirilən bərpa və yenidənqurma prosesində aktiv iştirak məsələsi fondun qarşıdakı illər üçün fəaliyyət planında birinci yerdə olacaq: “Füzuli rayonundakı Qoçəhmədli məscidinin bərpası, eləcə də tanınmış qırğız yazıçısı Əlikul Osmanovun Bişkekdəki ev-muzeyinin bərpası ilk iki ildə prioritet istiqamətlərdəndir”.

A.Raimkulova bildirib ki, maarifləndirici proqramlar ortaq maddi-mədəni irsin qorunmasında mühüm rol oynayır: “Tarixi-mədəni irsimiz keçmişlə bu günü bir araya gətirir, hər yaşdan və hər xalqdan olan insanlara türk irsinin dərinliyini öyrənməyə imkan verir. Bununla əlaqədar bir sıra tədbirlər, o cümlədən qış və yay məktəbləri, eləcə də mədəni irsin qorunması və mühafizəsi ilə məşğul olan gənc mütəxəssislər və tələbələr üçün səfərlər, potensialın gücləndirilməsi layihələri, mübadilə proqramları həyata keçirməyi düşünürük”.

Qeyd edək ki, tədbir UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyası, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türkiyənin UNESCO üzrə Milli Komissiyası, eləcə də ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.