Adil Kərimli: Türk dövlətlərinin vahid mədəni irs nümunələrinin siyahısı tərtib edilməlidir

Adil Kərimli: Türk dövlətlərinin vahid mədəni irs nümunələrinin siyahısı tərtib edilməlidir

"Bizim ailəmiz Türk dünyasıdır".

APA xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli ADA Universitetində keçirilən "UNESCO perspektivindən Türk dünyasının tarixi və mədəni irsinin araşdırılması və qorunması" adlı konfransda çıxışında deyib.

Nazir ortaq Türk mədəni irsinin qorunmasında atılan addımlar barədə də danışıb: “Bizlər zəngin olan Türk mədəni irsinin qorunması, təşviqi üçün səylərimizi birləşdirməli, bunun üçün platforma, mexanizm yaratmalıyıq. Belə bir platformanın yaradılması çox vacibdir. Türkdilli dövlətlər olaraq zəngin türk mədəni irsinin qorunması üçün hüquqi və akademik platformalar çərçivəsində onun tədqiqi və araşdırılması üçün səylər göstərməliyik”.

Mədəniyyət naziri Türk dövlətlərinin vahid mədəni irs nümunələrinin siyahısının tərtib edilməsinin vacib olduğunu vurğulayıb: “Ortaq türk mədəni irsinin qorunması üçün birgə çıxış etmək, beynəlxalq platformalarda bu istiqamətdə rəy ortaya qoymaq vacibdir”.

O qeyd edib ki, işğal altında olan ərazilərdə 30 il ərzində Azərbaycanın tarixi, mədəni irsi məhv edilib, bu illər ərzində bu torpaqlarda kulturasid, urbisidlər törədilib. Nazirin sözlərinə görə, bu həqiqətlərin çatdırılmasında Türk dövlətləri birgə çalışmalıdır: “Türk mədəni irsinin bərpası ilə bağlı təcrübələrimizi bölüşmək vacibdir, biz bunu həm akademik sahədə, həm dövlət qurumları arasında edə bilərik”.

Nazir çıxışının sonunda ortaq Türk mədəni irsinin qorunması mexanizminin yaradılmasına nail olunacağına ümid etdiyini deyib.