Sahib Məmmədov: "COP29 tariximizin ən mötəbər və məsuliyyətli tədbirlərindən biridir"

Sahib Məmmədov: "COP29 tariximizin ən mötəbər və məsuliyyətli tədbirlərindən biridir"

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi mötəbər tədbir Azərbaycan tarixinin ən mötəbər və məsuliyyətli tədbirlərindən biridir.

"Birxeber.Az" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Bakıda keçirilən "Yaşıl iqtisadiyyata keçidin istehlakçı davranışlarına və istehlak bazarına təsiri: çağırışlar və perspektivlər" mövzusunda forumda bildirib.

O qeyd edib ki, Azərbaycanın bu tədbirə ev sahibi seçilməsi ölkəmizə yüksək etimadın və inamın növbəti göstəricisi, habelə beynəlxalq təşkilatlarla formalaşdırılmış uğurlu əməkdaşlığın nəticəsidir.

"Dünyanın ən aktual bəşəri problemlərinin müzakirə olunduğu bu mühüm beynəlxalq platformanın Azərbaycanda təşkil edilməsi ölkəmizin qlobal problemlərin həllində məsuliyyətli tərəfdaş mövqeyini təsdiqləyir. Ölkəmizin iqlim dəyişikliyi ilə mübarizə sahəsində qarşıya qoyduğu məqsədlərinin qlobal çağırışlarla sıx uzlaşması artıq bizim üçün müəyyən təcrübə yaradıb", - deyə nazir müavini qeyd edib.

O, deyib ki, böyük enerji şirkətləri ilə icra edilən “yaşıl” layihələr ölkəmizin təmiz enerji ölkəsinə transformasiyasına, ekoloji tarazlığı dəstəkləyən investisiyaların təşviqinə hesablanıb: "Qlobal iqlim dəyişikliyini nəzərə alaraq, Azərbaycan hökuməti sirkulyar iqtisadiyyata keçidi, təmiz texnologiyaların tətbiqi, təmiz enerji mənbələrindən istifadənin təşviqi, təkrar emal və çirklənmiş ərazilərin təmizlənməsi ilə bağlı layihələri dəstəkləyir və icra edir".

"BMT-nin hesablamalarına görə, əgər 2050-ci ilə qədər dünya əhalisi 9,8 milyarda çatarsa, mövcud həyat tərzini saxlamaq üçün lazım olan təbii resursları təmin etmək üçün demək olar ki, üç planetin ekvivalenti tələb olunacaq. Yüksək gəlirli ölkələrdə adambaşına düşən karbon izi aşağı gəlirli ölkələrin səviyyəsindən 10 dəfə yüksəkdir. Sağlamlıq böhranı, çirklənmə indiki və gələcək nəsillər üçün optimal həyat şəraitinin təmin edilməsinə maneə olan əsas amillərdir. Bu kontekstdə "yaşıl" xidmətlərə üstünlük verilməsi, yaşıl nəqliyyat vasitələrinin seçilməsi ilə çirklənmənin azaldılması və fərdi səviyyədə görülən hər hansı digər ekoloji təmiz tədbirlər kimi müəyyən edilən ekoloji istehlak əhalinin sağlamlığının qorunmasında böyük rol oynayır", - deyə S.Məmmədov vurğulayıb.

Nazir müavini həmçinin qeyd edib ki, istehlakın bir çox aspektləri var və sadə dəyişikliklər bütövlükdə cəmiyyətə böyük təsir göstərə bilər: "Sənaye təşkilatları "yaşıl marketinq" strategiyaları vasitəsilə istehlakçı seçimlərinə təsir etməkdə mühüm rol oynayır. Qlobal çağırışlara əsasən hökumətlər tullantıların istehsalının azaldılması üçün hədəflərin müəyyən edilməsi, dairəvi iqtisadiyyat təcrübələrinin təşviqi və davamlı satınalma siyasətlərinin dəstəklənməsi kimi tədbirləri əhatə edən siyasət və qaydaları həyata keçirməli və tətbiq etməlidir".