Baydenin oğlu 25 ilə qədər həbs edilə bilər

Baydenin oğlu 25 ilə qədər həbs edilə bilər

ABŞ prezidenti Cozef Baydenin oğlu Hanter Bayden iyunun 3-də silah ittihamı ilə məhkəmə qarşısına çıxacaq.

“Report” xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Qeyd edilib ki, prokurorlar işə baxılmasının üç gündən dörd günə qədər çəkəcəyini, vəkillər isə öz növbəsində prosesin iki gündən çox davam edə biləcəyini gözləyirlər.

Daha əvvəl Delaver ştatındakı böyük münsiflər heyəti açıqlanan sənədə əsasən, ABŞ prokurorları tərəfindən Baydenə qarşı silah saxlamaqla bağlı üç cinayətə görə irəli sürülən ittihamları təsdiqləyib.

O cümlədən, iki cinayət faktı 2018-ci ildə “Colt Cobra” revolverini alarkən yalandan narkotik vasitə qəbul etmədiyini yazılı şəkildə yazması ilə bağlıdır. Üçüncüsü, narkomanların odlu silaha sahib olmasını qadağan edən qanunun pozulmasını nəzərdə tutur.

İttihamların cəminə əsasən, Bayden 25 ilə qədər həbs edilə bilər: iki maddə üzrə maksimum 10 il həbs cəzası və 250 000 dollar cərimə, üçüncüsü isə maksimum 5 il həbs cəzası və 250 000 dollar cərimə nəzərdə tutur.

Baydenin silah saxlaması ilə bağlı təhqiqat 2018-ci ildə, onun həmin dövrdə narkotik istifadə etdiyi və tapançaya sahib olduğu məlum olduqdan sonra başlayıb. Amerika qanunları narkotikdən istifadə edən və ya saxlayan insanlara silah almağı və ya saxlamağı qadağan edir.