Qərbi Azərbaycan Xronikası: Ermənilər Kəbər türk tayfasının yurduna necə “sahib” çıxdılar?

Qərbi Azərbaycan Xronikası: Ermənilər Kəbər türk tayfasının yurduna necə “sahib” çıxdılar?

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə gəlmə ermənilərin məskunlaşdırılması ilə ərazisi zəbt edilən Kəvər rayonu haqqında süjet hazırlanıb.

“Report” xəbər verir ki, “Hayların Göyçə gölü sahilində yerləşmə sirri” adlı süjetdə tarixə etdikləri saxta müdaxiləni hər zaman böyük siyasət kimi qələmə verən ermənilərin əsl mahiyyətinin təxribatçılıq, işğalçılıq və vəhşilik olduğu, hayların oğuz türklərinə məxsus ərazilərdə “köçürmə” adı ilə törətdiyi hadisələrdən bəhs olunub.

Bildirilib ki, indiki Ermənistanda, İrəvan xanlığının Göyçə mahalının ərazisində yerləşən Kəvər rayonu erkən orta əsrlərdə burada məskunlaşmış xəzərlərin Kəbər türk tayfasının adı ilə bağlıdır:

“Kəvər rayonunda ulu keçmişimizin bir parçası olan Nərədüz abidə kompleksi mövcuddur və bura qədimdən türk-oğuz boylarının, qafqaz albanlarının Vətəni olub. Kəvər ərazisinə 1829-1830-cu ildə Türkiyədən 2 560 erməni köçürülüb. Hayların Göyçə gölü sahilində yerləşməsi nəticəsində bu oğuz yurdu müxtəlif vaxtlarda Yeni Bayazid adlandırılıb”.

Qeyd olunub ki, rəsmən 1930-cu il sentyabrın doqquzunda yaradılan Kəvər rayonu 1938-ci ildən Yeni Bayazid, yəni Nor Bayazid adını daşıyıb və respublika tabeli şəhər statusu alıb. 1959-cu il aprelin 13-nə qədər Yeni Bayazid rayonu, həmin tarixdən etibarən isə Kamo rayonu adlandırılıb. Göyçə yaylasının böyük bir hissəsi Kəvər rayonu ərazisinə düşür.

Diqqətə çatdırılıb ki, 1948-1951-ci illərdə rayonun azərbaycanlı əhalisinin əksəriyyəti məcburən Azərbaycana köçürülüb:

“1988-ci ildə rayon mərkəzinin, eləcə də qədim kəndlərin yerli sakinləri olan azərbaycanlılar tamamilə qovulublar. Hazırda yalnız ermənilərin yaşadığı bu ərazilərdən oğuz türkləri didərgin salındıqdan sonra yer-yurd adlarının saxtalaşdırılmasına başlanılıb və rayon üzrə mərhələli şəkildə 15 tarixi yer adı dəyişdirilib. Nəhayət, Ermənistan parlamentinn 1995-ci il yeddi noyabr tarixli qərarı ilə mərkəzi Kəvər, yəni Qavar olan Geqarkunik mərzliyi yaradılıb. Mərzliyə Kəvər, yəni Kamo, Çəmbərək, yəni Krasnoselo, Basarkeçər, yəni Vardenis, Aşağı Qaranlıq, yəni Martuni rayonları, eləcə də Sevan şəhəri daxil edilib”.

Sonda vurğulanıb ki, ermənilər Qərbi Azərbaycanın oğuz-türk yurdlarını yeni metod - mərzlik adı altında birləşdirib mənimsəyiblər:

“Əminik ki, bu çirkin metodlarla qürurlanan ermənilərin sevinci uzun sürməyəcək, 35 ildir doğma yurd yeri həsrəti çəkən Qərbi azərbaycanlıların qayıdışı ilə kədərə çevriləcək”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında martın 13-də saat 19:30-da Baku Tv-nin efirində və 21:30-da Youtube kanalında yayımlanıb.