Azərbaycan dövlət başçısı Pakistanın yeni prezidentini təbrik edib

Azərbaycan dövlət başçısı Pakistanın yeni prezidentini təbrik edib

Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdariyə təbrik məktubu göndərib.

APA xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Pakistan İslam Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm.

Qardaş Pakistan ilə möhkəm təməllər üzərində qurulmuş dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Ölkələrimiz arasında yüksək səviyyəli qarşılıqlı anlaşmanın mövcudluğu müxtəlif sahələrdə əlaqələrimizin daha da genişləndirilməsi üçün əlverişli zəmin yaradır.

Əminəm ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan Azərbaycan-Pakistan strateji tərəfdaşlığının və müttəfiqliyinin möhkəmləndirilməsi və dərinləşdirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın xoş ənənələrinin bundan sonra da müvəffəqiyyətlə davam etdirilməsi üçün birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Pakistan xalqının əmin-amanlığı və firavanlığı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm".