Azərbaycanda 150 mərkəzi suvarma kanalında müasir su ölçmə cihazı quraşdırılıb

Azərbaycanda 150 mərkəzi suvarma kanalında müasir su ölçmə cihazı quraşdırılıb

Azərbaycanda 150 ədəd mərkəzi suvarma kanalı üzərində internet şəbəkəsinə çıxışı olan müasir su ölçmə cihazları quraşdırılıb.

"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi Riad Axundzadə Bakı Su Həftəsi Konfransında ("Baku Water Week Conference") bildirib.

Onun sözlərinə görə, hazırda daha 40 suvarma kanalı üzərində analoji cihazların quraşdırılması işləri gedir.

“Bu cihazlar bizə respublikanın əsas suvarma kanallarından toplanılan məlumatları vahid mərkəzdə cəmləşdirməyə imkan verəcək. Bunun sayəsində kanallarda baş verən sızıntılar, kənar müdaxilələr haqqında, infrastruktur boyunca suyun nəql edilməsi istiqamətində önəmli məlumatları istənilən anda əldə etmək mümkün olacaq”,- deyə o qeyd edib.

Agentlik rəsmisi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ağıllı su sistemləri infrastrukturlarının qurulmaqda olduğunu diqqətə çatdırıb: “Həmin infrastruktur vasitəsilə ərazidə məskunlaşacaq əhalinin içməli su təchizatı tam şəkildə təmin olunacaq, suvarılan torpaqlarda əkin sahələrinin su ilə təminatı tələbata uyğun olaraq həyata keçiriləcək".