AŞPA-nın harada aş varsa, orada baş olmaq iddiası - RƏY

AŞPA-nın harada aş varsa, orada baş olmaq iddiası - RƏY

Avropa Şurası Parlament Assambleyasının, yəni AŞPA-nın Azərbaycana qarşı son təxribat hərəkətləri nəinki bu qurumun səlibçi, islamofob mahiyyətini bir daha ortaya qoydu, eyni zamanda onun islam dünyasına qarşı yaradılmış və bu ədalətsiz missiyanı bütün alçaq üsullarla həyata keçirən, üstəlik beynəlxalq rəylə hesablaşmadan həyata keçirən bir qurum olduğunu təsdiq elədi.

Bunu "Report"a açıqlamasında Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli deyib.

"İndi bir daha aydın olur ki, məhz, bu qurumu öz çirkin niyyətlərinə alət edən dövlətlərin qərəzli münasibəti nəticəsində Qarabağ məsələsi 30 il ərzində həll edilməmişdir. Və nəticədə Azərbaycan minlərlə şəhid verərək öz torpaqlarını müharibə yolu ilə işğaldan azad etmək məcburiyyətində qaldı. Ona görə də həmin dövlətlərin əlində 44 günlük müharibədə və bir günlük antiterror əməliyyatında şəhid olan bütün Azərbaycan oğullarının qanı var. Torpaqlarımızın nəyə görə və hansı dövlətlərin və hansı beynəlxalq təşkilatların cinayətkar münasibəti, məqsədli gözləmə mövqeyi üzündən həll edilməməsi bu gün mütləq araşdırılmalıdır, Azərbaycan hökuməti bununla bağlı beynəlxalq tərkibli İstintaq Komissiyası yaratmalı, bu məsələni kökündən araşdırmalı və nəticəsi ilə bağlı həmin dövlətlər və təşkilatlar barədə həm özü hökm çıxarmalı, həm də beynəlxalq məhkəmələrə müraciət etməlidir", - İcma sədri bildirib.

Ə.Ələkbərli yada salıb ki, Azərbaycan dövləti öz övladlarının qanı və canı bahasına torpaqlarını işğaldan azad edəndən, ATƏT-in Minsk qrupunun “Ermənistan-Azərbaycan” münaqişəsinin Ermənistanın xeyrinə dondurulması ilə bağlı 30 illik “missiyası” iflasa uğradıqdan sonra Qərb onu Avropa İttifaqı ilə əvəz etmək, Avropa İttifaqı vasitəsi ilə məsələni öz məkrli nəzarətinə almaq istədi. Bunların heç biri baş tutmayanda, Azərbaycan Prezidentinin qətiyyəti və prinsipiallığı sayəsində Azərbaycanın suverenliyi tam təmin olunandan sonra Fransa və onun kimi islamafob və türkəfob dövlətlərin əsl siması üzə çıxdı.

"Qərbi Azərbaycan İcması olaraq, biz bir daha bildiririk ki, AŞPA Azərbaycana qarşı bu hərəkətləri ilə, əslində, Ermənistanı bölgədə çıxılmaz vəziyyətdə qoyur. Əgər AŞPA Ermənistanı və erməniləri düşünürsə, zəhmət çəksin İcmamızın 1 mart 2023-cü il tarixində AŞPA-nın Ermənistan üzrə həmməruzəçilərinə Qərbi Azərbaycan qaçqınlarının Ermənistandakı ata-baba yurdlarına qayıdış hüququ ilə bağlı ünvanladığımız müraciətimizə cavab versin. Və birdəfəlik bilsin ki, heç bir ədalətsiz qərar Azərbaycan xalqının və Azərbaycan prezidentinin iradəsinə təsir edə bilməz və onun harada aş varsa, orada baş olmaq iddiası Azərbaycan üçün heç vaxt keçərli olmayacaq", - İcma sədri əlavə edib.