Özəlləşdirmə və icarədən büdcəyə 25,7 mln. manat daxil olub

Özəlləşdirmə və icarədən büdcəyə 25,7 mln. manat daxil olub

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü ilin yanvar-fevral ayları ərzində özəlləşdirmə və icarədən dövlət büdcəsinə 25,7 milyon manat vəsaitin ödənilməsi təmin edilib.

Bu barədə “APA-Economics” Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü ilin yanvar-fevral ayları ərzində 10 hərrac keçirilib. Hərraclarda 3 səhmdar cəmiyyətinin səhm paketi, 1 kiçik dövlət müəssisəsi, 98 nəqliyyat vasitəsi özəlləşdirilib. Bu ilin yanvar-fevral ayları ərzində hərraca çıxarılmış dövlət əmlakı üzrə 119 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron Hərrac” proqram təminatı vasitəsilə 17 onlayn qoşulma reallaşıb.

Cari ilin yanvar-fevral ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 18,6 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26% çoxdur.

Dövlət Xidməti tərəfindən bu ilin yanvar-fevral ayları ərzində 78-i qeyri-yaşayış, 375-i isə torpaq sahələri üzrə olmaqla 453 yeni icarə müqaviləsi bağlanılıb.

2024-cü ilin ilk 2 ayında daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 7,1 milyon manat vəsaitin ödənilməsi təmin olunub, ötən ilin eyni dövrü ilə müqayisədə 21% artım qeydə alınıb.