Oftalmoloq dünyada 70 milyondan çox insanın əziyyət çəkdiyi qlaukomanın səbəblərini açıqlayıb

Oftalmoloq dünyada 70 milyondan çox insanın əziyyət çəkdiyi qlaukomanın səbəblərini açıqlayıb

Dünyada 70 milyondan çox insan qlaukoma xəstəliyindən əziyyət çəkir.

"Birxeber.Az" xəbər verir ki, bunu Milli Oftalmologiya Mərkəzinin oftalmoloqu Cəmil Həsənov Səhiyyə Nazirliyinin instaqram hesabındakı canlı yayımda deyib.

O bildirib ki, xəstəliyin əsas səbəbi göz təzyiqinin normadan yuxarı olmasıdır: "Adətən qlaukomanın simptomları olmur, 3-cü və 4-cü dərəcədə göz və ətrafında ağrılar, qızartılar əmələ gəlir. Ona qədər xəstə bu xəstəliyi hiss edə bilmir. İnsanda göz zəifliyi nə qədər çox olarsa, bu təzyiq də arta bilər. Bəzən insan gözündən zədə alır, illər sonra qlaukoma meydana çıxa bilir".

Oftalmoloq vurğulayıb ki, xəstənin göz təzyiqi 20-dən yuxarıdırsa, mütləq həkimə müraciət etməli və müvafiq müayinədən keçməlidir: "Bütün yaşlarda qlaukomaya rast gəlinə bilər. Hətta irsi amillər də buna təsir edir. Adətən 50-55 yaşlı insanlarda bu təzyiq yüksələ bilər. Statistikaya görə, 50 yaşda olan 200 nəfərdən 1-də, 50-dən yuxarı şəxslərdə isə hər 10-nəfərdən 1-də bu xəstəlik aşkarlanır. Bunlar ciddi rəqəmlərdir".

C.Həsənov qeyd edib ki, kompüter və telefondan istifadə zamanı göz təzyiqi artır. Lakin bu səbəbdən qlaukomanın yaranması hələ təsdiq olunmayıb.