Əhməd Məmmədov: "Mingəçevir su anbarından ildə təxminən 1,4 milyard kubmetr su buxarlanır"

Əhməd Məmmədov: "Mingəçevir su anbarından ildə təxminən 1,4 milyard kubmetr su buxarlanır"

Son 3 ilin məlumatına əsasən, Mingəçevir su anbarının səthindən ildə 1,2-1,4 milyard kubmetr su buxarlanır.

"Birxeber.Az" xəbər verir ki, bunu "Hidroloq" MMC-nin baş mütəxəssisi, texnika elmləri doktoru, əməkdar mühəndis Əhməd Məmmədov Bakı Su Həftəsi Beynəlxalq Konfransında ("Baku Water Week Conference") deyib.

O bildirib ki, daha əvvəllər bu rəqəm 1 milyard kubmetr təşkil edirdi: "Bu çox böyük rəqəmdir. Bizim daxili su ehtiyatımız illik orta hesabla 10 milyard kubmetrdir və bunun 1,4 milyardı kubmetr buxarlanır. Su anbarlarının tikintisi bir çox məsələlərin həllinə kömək etməklə yanaşı, bəzi problemlər də yaradır. Araşdırma nəticəsində su anbarlarının səthindən böyük buxarlanmaların olduğunu aşkarladıq".

Baş mütəxəssis qeyd edib ki, düzənlikdə tikilən su anbarlarında itkilər dağətəyi ərazilərə nisbətən daha çox olur: "Yağan qarların əksəriyyəti artıq fevral ayından əriyib. İqlim dəyişikliyindən əvvəl isə qarlar may ayında əriməyə başlayırdı. Bu, su anbarlarının tikintisini vacib edir. Amma anbarları düzənlik yox, dağətəyi yerdə tikməliyik. Çünki dağətəyi yerdə tikilən su anbarı ilə düzənlikdəki su anbarı arasında su itkilərində 15-20 % fərq var".