Umayra Tağıyeva: "Su probleminin həllində regional əməkdaşlıq edə bilmirik"

Umayra Tağıyeva: "Su probleminin həllində regional əməkdaşlıq edə bilmirik"

Su probleminin həllində regional səviyyədə əməkdaşlıq mexanizmindən bəhrələnə bilmirik.

"Report" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Bakı Su Həftəsi Beynəlxalq Konfransının ("Baku Water Week Conference") açılış mərasimində deyib.

O bildirib ki, Azərbaycanda suların əksər hissəsi transsərhəd sular hesabına formalaşır: "Təəssüf ki, qonşu dövlətlər Helsinki Beynəlxalq Su konvensiyasına qoşulmayıb və bu əməkdaşlıq imkanlarına mənfi təsir göstərir. Dünyada 153 ölkə transsərhəd sulardan istifadə edir. Təxminən 3 milyard insan bir neçə ölkənin ərazisində yerləşən çayların hövzəsində yaşayır. Bu səbəbdən beynəlxalq əməkdaşlığın önəminə region ölkələrinin diqqətini cəlb etməliyik".

Nazir müavini qeyd edib ki, şəhər əhalisi ilə müqayisədə bölgələrdə yaşayan və fəaliyyət göstərən fermerlər su azlığından daha çox əziyyət çəkir: "Bu problem, xüsusilə son illər daha da aktuallaşıb. Azərbaycanda bu problemin həlli üçün dövlət komissiyası yaradılıb və institusional islahatlar həyata keçirilir. Qlobal istiləşmə, qonşu ölkələrdən daxil olan suyun azalması, əhalinin sayının artımı, yaşam standartlarının dəyişməsi, ölkə iqtisadiyyatının inkişafı və sair bütün bu amillər suya tələbatı artırır və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini daha da aktuallaşdırır. Bu səbəbdən su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi məsələsi çox əhəmiyyətlidir".