Azərbaycanın COP29-da qaldıracağı əsas məsələlər açıqlanıb

Azərbaycanın COP29-da qaldıracağı əsas məsələlər açıqlanıb

“Deyərdim ki, COP29 Azərbaycanın indiyə qədər ev sahibliyi etdiyi ən vacib beynəlxalq tədbirdir”.

APA xəbər verir ki, bunu ADA Universitetində COP29-u işıqlandıracaq jurnalistlər üçün keçirilən təlimdə energetika nazirinin müavini, COP29 Azərbaycan üzrə baş İcraçı direktor Elnur Soltanov deyib.

O bildirib ki, iqlim dəyişikliyi ilə bağlı müzakirələr dünyanın ən vacib müzakirələridir: “Bu debatda çox sayda ölkələr, korporasiyalar, qeyri-hökumət təşkilatları iştirak edir. Biz burada planetin ətraf mühit arxitekturasının qurulmasından danışırıq. Çünki elm, alimlər xəbərdarlıq edir ki, planetimiz iqlim dəyişikliyi ilə bağlı ciddi çağırışlarla üzləşir. Biz hər şeyi itirə bilərik. Bu konfrans BMT-nin konfransıdır və buna ev sahibliyi etmək böyük məsuliyyətdir”.

Nazir müavini qeyd edib ki, iqlim dəyişikliyi, istiləşmə qaçılmazdır, lakin artım dərəcəsinin 1.5°C dərəcə səviyyəsində saxlanılması əsas hədəfdir: “Biz buna nail ola bilərik və bu istiqamətdə addımların atılması üçün ölkələr arasında konsensus vacibdir. Çünki artıq təsdiqlənib ki, temperaturun artmasında "insan töhfəsi" danılmazdır”.

Azərbaycanlı nazir müavini çıxışında sənayedən qaynaqlanan qazların atmosferə zərəri barədə də danışıb. O xatırladıb ki, Azərbaycan 2030-cu ilə qədər qlobal metan emissiyalarının ən azı 30 faiz azaldılmasına yönəlmiş birgə beynəlxalq səylərə qoşulmağa hazır olduğunu bəyan edib.

Elnur Soltanov vurğulayıb ki, həmçinin iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində atılacaq addımlarla bağlı qlobal Şimal və qlobal Cənub arasında narazılıqlar var.

"Bəzi inkişaf etməkdə olan ölkələrin zəif maliyyə imkanları onların “yaşıl iqtisadiyyat”a keçidinə imkan vermir", - o əlavə edib.

Nazir müavininin sözlərinə görə, iqlim dəyişikliyi ilə bağlı müzakirələrdə antoqonizmə yer vermək olmaz: “Ölkələr arasında fikir ayrılığı ola bilər və bunu müzakirə etmək üçün müxtəlif platformalar var, ancaq məhz bu məsələ ilə bağlı müzakirələrdə antoqonizmə yer yoxdur”.

Elnur Soltanov onu da deyib ki, iqlim dəyişikliyi ilə mübarizə istiqamətində addımlar atarkən ölkələrin üzərinə məsuliyyət düşür: “Qətiyyətli milli gündəliklər vacibdir”.

Nazir müavini bildirb, Azərbaycan da öz milli gündəliyində iqlim dəyişikliyi ilə bağlı prioritetləri müəyyənləşdirib ki, bunların arasında 2050-ci ilə qədər Qarabağda net-zero zonanın yaradılması və atmosferə atılan qazların 2050-ci ilə qədər 40 faiz azaldılması var.

Elnur Soltanov noyabrda Bakıda keçiriləcək COP29 barədə də danışıb. O deyib ki, konfransda minlərlə qonağın iştirakı, yüzdən çox ölkənin dövlət və hökumət başçılarının, yüksək səviyyəli rəsmilərin iştirakı gözlənilir və bu məqamda logistika ən vacib məsələlərdən biridir: “Azərbaycanın bu konfransda qaldıracağı əsas məsələlər “Yaşıl dəhliz”, “yaşıl zonalar”, batareya depolaması (bayyery storage), sülh və iqlim dəyişikliyi ilə mübarizənin bir-birini necə dəstəkləməsi və bu çərçivədə daha çox atılacaq addımlar olacaq”.

Nazir müavini Ermənistanın Azərbaycanın COP29-a ev sahibliyi etməsini dəstəkləməsi qərarını da xatırladıb.