Ukraynada münaqişədən zərər çəkmiş məktəblilər üçün 18 milyon dollar qrant elan edilib

Ukraynada münaqişədən zərər çəkmiş məktəblilər üçün 18 milyon dollar qrant elan edilib

Ukraynada münaqişənin təsirinə məruz qalmış məktəblilər üçün təhsilin maliyyələşdirilməsini genişləndirmək məqsədi ilə 18 milyon ABŞ dolları məbləğində qrant elan edilib.

"Report"un ABŞ bürosu xəbər verir ki, bu barədə Ukraynanın təhsil və elm naziri Oksen Lisovyi BMT-nin Nyu-Yorkdakı baş qərargahında jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, ölkə hökuməti və BMT-nin dəstəklədiyi "Təhsil Gözləyə bilməz" (ECW) təşəbbüsü çərçivəsində Ukraynanın ən çox təsirlənən on bölgəsində 150 000-dən çox şagirdə fayda verəcək proqramı üçün qrant maliyyələşdirməsi şəklində 18 milyon dollar ayırıb.

O.Lisovyi əlavə edib ki, Rusiyanın hərbi qüvvələri tərəfindən oğurlanmış və düşərgələrdə yüksək psixoloji informasiya təzyiqinə məruz qaldıqdan sonra Ukraynaya qaytarılan uşaqların yenidən cəmiyyətə inteqrasiyası üçün xüsusi metodik proqram hazırlanıb. Ukrayna hökumətinin beynəlxalq hakimiyyət orqanları ilə bərabər səyləri nəticəsində 1 000-dən çox ukraynalı uşaq ailələrinə qaytarılıb.

Onun sözlərinə görə, Ukrayna Təhsil və Elm Nazirliyi ilk gündən bu uşaqlarların cəmiyyətə qazandırılması üçün ekspertlər və siyasi institutlarla işləməyə başlayıb. Hazırda xüsusi metodik tövsiyələr proqramı hazırlanıb ki, həmin proqramda həm Ukraynanın tarixi və ölkəyə qarşı bu təcavüzün baş verməsinin səbəbləri və nəticələri ilə bağlı məlumatlar əksini tapıb. Bu böyük metodoloji tövsiyələr paketidir və artıq məktəblərdə müəllimlər tərəfindən istifadə olunur.