Fransanın Mərkəzi Bankı cari il üçün ölkə üzrə iqtisadi artım proqnozunu aşağı salıb

Fransanın Mərkəzi Bankı cari il üçün ölkə üzrə iqtisadi artım proqnozunu aşağı salıb

Ölkənin mərkəzi bankı kimi fəaliyyət göstərən Fransa Bankı 2024-cü ildə ÜDM-in artımı ilə bağlı proqnozunu aşağı salıb.

"Report"un xəbərinə görə, bu barədə "Le Figaro" qəzeti məlumat yayıb.

İlkin artım təxmini 0,9 % idi, Fransa Mərkəzi Bankı isə indi ÜDM artımını cəmi 0,8 % proqnozlaşdırır. Bu düzəliş 2023-cü ilin son rübündə gözləniləndən daha pis iqtisadi artımı əks etdirir.

Qeyd edək ki, bu təxmin Fransa İqtisadiyyat, Maliyyə, Sənaye və Rəqəmsal Suverenlik Nazirliyinin vəd etdiyi 1 % artımdan nəzərəçarpacaq dərəcədə aşağıdır. Lakin hökumət ilin əvvəlində parlamentdə səsvermə olmadan qəbul edilən 2024-cü il büdcəsinə daxil edilmiş proqnoza kəskin düzəlişlər etməyə məcbur olub. Ötən il səlahiyyətlilər 2024-cü ildə iqtisadi artımın 1,4 % olacağını gözləyirdilər.

Fransanın iqtisadiyyat, maliyyə, sənaye və rəqəmsal suverenlik naziri Bruno Le Mer 2023-cü ilin sonunda büdcə gəlirlərinin planlaşdırıldığından 4,4 milyard avro az olduğunu etiraf edib və həmçinin büdcə kəsirinin səviyyəsinin əvvəllər elan edilmiş 4,9 %-dən “xeyli yüksək” olacağını etiraf etdi. Bunun fonunda o, nazirliyin xərclərinin 10 milyard avro azaldılması planını həyata keçirəcəyini vəd edib.

Fransada 2020-ci ilin sonundan etibarən inflyasiya artmaqdadır. 2023-cü ildə ölkədə istehlak qiymətlərinin orta illik artımı 4,9 % təşkil edib.