Naxçıvanda fumiqasiya fəaliyyəti formalaşdırılır

Naxçıvanda fumiqasiya fəaliyyəti formalaşdırılır

Naxçıvan Muxtar Respublikasında fumiqasiya fəaliyyəti formalaşdırılır.

Muxtar respublikanın Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən "Report"un yerli bürosuna verilən məlumata görə, bu məqsədlə Naxçıvan Aqrar Xidmətlər Mərkəzinin əməkdaşları Bakı şəhərində təlimdə olublar.

Beş günlük təlimin sonunda muxtar respublikanın Kənd Təsərrüfatı Nazirliyində görüş keçirilib. Görüşdə təlim iştirakçıları əldə etdikləri təcrübələri nazirliyin və tabeli qurumların müvafiq sahədə fəaliyyət göstərən əməkdaşları ilə bölüşüblər.

Qeyd olunub ki, təlim çərçivəsində Naxçıvan Aqrar Xidmətlər Mərkəzinin əməkdaşları Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində, o cümlədən Abşeron Regional Dövlət Aqrar İnkişaf Mərkəzində olublar. Onlar taxıl və düyü anbarlarında, siloslarda, habelə ixrac edilən məhsulların daşınılmasında istifadə olunan nəqliyyat vasitələrində müxtəlif yoluxucu, təhlükəli xəstəliklərin daşıyıcıları olan zərərverici həşəratların və digər zərərli orqanizmlərin məhv edilməsinə yönəlmiş tədbirlərdə iştirak edib, zərərsizləşdirməyə (fumiqasiya) dair zəruri biliklər əldə ediblər. Təlimin sonunda Naxçıvan Aqrar Xidmətlər Mərkəzinin əməkdaşlarına fumiqasiya zamanı istifadə edilən geyim dəstləri, həmçinin 200-ə yaxın müxtəlif mövzuları əhatə edən kitab və bukletlər hədiyyə olunub.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən nazirlik əməkdaşları mütəmadi olaraq təlimlərə cəlb ediləcək.