Naxçıvanda ümumi təhsil müəssisələrində STEAM tədris edən müəllimlər üçün müsabiqə keçirilib

Naxçıvanda ümumi təhsil müəssisələrində STEAM tədris edən müəllimlər üçün müsabiqə keçirilib

Martın 12-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə ümumi təhsil müəssisələrində STEAM tədris edən müəllimlər üçün müsabiqə keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, müsabiqədə Təhsil Nazirliyinin STEAM təhsil metodu ilə bağlı təşkil etdiyi təlimləri başa vurmuş 80-a yaxın namizəd iştirak edib.

Müsabiqədə namizədlərin STEAM fəlsəfəsi, arduino, mikrobit, 3D printer və tinckerCad mövzuları ilə bağlı biliklərinin yoxlanılması məqsədilə hər bölməni əhatə edəcək şəkildə, ümumilikdə 30 test tapşırığı təqdim olunub və test tapşırıqlarının yerinə yetirilməsi üçün 60 dəqiqə vaxt ayrılıb. Hər bir düzgün cavab bir balla qiymətləndirilib, səhv cavablar düzgün cavablara təsir etməyib.

Şəffaflığın təmin olunması baxımından namizədlərin imtahan nəticələri onların iştirakı ilə yoxlanılıb və imtahan nəticəsi binanı tərk etmədən namizədə elan olunub.

Məlumat üçün bildirək ki, test tapşırıqlarının 50 faizini düzgün cavablandırmış namizədlər müsahibə mərhələsinə buraxılacaqlar və bu mərhələdə keçid balını toplamış hər bir namizəd üçün 2 il qüvvədə olan STEAM təhsili üzrə tədris prosesini aparmağa icazə hüququ verən sertifikat təqdim olunacaq.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən təlim və müsabiqələr tədris ilinin sonuna kimi davam etdiriləcək.