"PTSP hallarında Yazılı Ekspozisiya Terapiyası” kitabının təqdimatı keçirilib

"PTSP hallarında Yazılı Ekspozisiya Terapiyası” kitabının təqdimatı keçirilib

“Azərbaycanda Psixoloji Reabilitasiya İmkanlarının Artırılması” (APRİA) layihəsi çərçivəsində “PTSP hallarında Yazılı Ekspozisiya Terapiyası” kitabının və “CPT Coach” Mobil Tətbiqin təqdimat mərasimi keçirilib.

Birxeber.Az xəbər verir ki, tədbirdə çıxış edənlər layihənin vacibliyini, Azərbaycanda ilk dəfə tətbiq olunan yeni müalicə növlərinin effektivliyini, layihə nəticələrinin dövlət və elmi dairələr tərəfindən tətbiqinin perspektivlərini və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Tədbirdə layihə çərçivəsində nəşr edilmiş Denise M.Sloan və Brian P.Marx-ın müəllif olduqları “PTSP hallarında Yazılı Ekspozisiya Terapiyası” kitabı geniş ictimaiyyətə təqdim olunub. Kitab ABŞ-da Post Travmatik Stres Pozuntusu hallarında aparıcı müalicə üsuluna çevrilmiş Yazılı Ekspozisiya Terapiyası üzrə işləyən psixoloqlar üçün əsas təlimat vəsaiti kimi istifadə edilir.

Layihə çərçivəsində daha bir kitab (PTSP hallarında Koqnitiv İşlənmə Terapiyası) isə yaxın zamanlarda nəşr etdiriləcək.

50-ə yaxın peşəkar mütəxəssisin (qurucu üzvlərin) birləşərək ərsəyə gətirdiyi “For Azerbaijan”ın məqsədi Azərbaycanda həssas ehtiyac qruplarına, xüsusilə də qazilərə və şəhid ailələrinə təsirli, dayanıqlı və miqyaslanabilən dəstəyin göstərilməsinə nail olmaqdır.