Güzəştli mənzil vədi ilə vətəndaşları aldadan şəxsin istintaqı başa çatıb

Güzəştli mənzil vədi ilə vətəndaşları aldadan şəxsin istintaqı başa çatıb

Güzəştli mənzil verilməsi vədi ilə vətəndaşların pulunu ələ keçirən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Quliyeva Sənubər Əbülfəz qızının vətəndaşların pulunu ələ keçirməsi faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı tamamlanıb.

Aparılmış ibtidai istintaqla Sənubər Quliyevanın müxtəlif şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında ayrı-ayrı vətəndaşlara Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Bakı şəhəri, Yasamal rayonu ərazisində inşa edilən sosial evlərdən mənzil verəcəyinə dair yalan vəd verməklə onlara məxsus pul vəsaitini təkrarən ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Sənubər Quliyevaya Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə yekun ittiham elan edilməklə barəsində istintaq orqanının qərarı ilə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.