Güzəştli mənzil vədi ilə dələduzluqda şübhəli bilinən qadın barədə istintaq yekunlaşıb

Güzəştli mənzil vədi ilə dələduzluqda şübhəli bilinən qadın barədə istintaq yekunlaşıb

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində güzəştli mənzil vədi ilə vətəndaşların pulunu ələ keçirməkdə şübhəli bilinən Quliyeva Sənubər Əbülfəz qızının cinayət işi üzrə istintaq yekunlaşıb.

Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, istintaqla S.Quliyevanın müxtəlif şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında ayrı-ayrı vətəndaşlara Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Bakı şəhəri, Yasamal rayonu ərazisində inşa edilən sosial evlərdən mənzil verəcəyinə dair yalan vəd verməklə onlara məxsus pul vəsaitini təkrarən ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Sənubər Quliyevaya Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə yekun ittiham elan edilməklə barəsində istintaq orqanının qərarı ilə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.