Avropa Komissiyası Bosniya və Herseqovina ilə Aİ-yə üzvlüklə bağlı danışıqlara başlamağı tövsiyə edəcək

Avropa Komissiyası Bosniya və Herseqovina ilə Aİ-yə üzvlüklə bağlı danışıqlara başlamağı tövsiyə edəcək

Avropa Komissiyası bu gün Bosniya və Herseqovinanın (BH) Aİ-yə daxil olması üçün zəruri olan islahatlarda irəliləyişinə dair hesabat dərc edəcək və Avropa İttifaqı Şurasına bu ölkə ilə üzvlük danışıqlarına başlamağı tövsiyə edəcək.

APA xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Avropa Parlamentinin plenar iclasından əvvəl deyib.

"Əlbəttə, Avropa İttifaqına daxil olmaq üçün daha çox irəliləyiş lazımdır. Bu ölkə (Bosniya və Herseqovina - red.) nümayiş etdirdi ki, həm üzvlük meyarlarını, həm də Bosniya və Herseqovina xalqının ailəmizin bir üzvü olmaq istəyini yerinə yetirmək istiqamətində nəticələr əldə edə bilər. Ona görə də bu gün biz tövsiyə edəcəyik ki, Avropa İttifaqı Şurası Bosniya və Herseqovina ilə üzvlük danışıqlarına başlasın", - Avropa Komissiyasının Prezidenti bildirib.

O, bildirib ki, bu gün təqdim olunacaq hesabat onu sübut edəcək ki, Bosniya və Herseqovina namizəd ölkə olduqdan sonra bir il ərzində bütün əvvəlki onillikdən daha çox irəliləyiş əldə edib.