Qohum nikahları ilə bağlı ictimai müzakirə keçirilib - FOTO

Qohum nikahları ilə bağlı ictimai müzakirə keçirilib  - FOTO

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Sosial Tədqiqatlar Mərkəzi və Xalq qəzetinin birgə təşkilatçılığı ilə qohum nikahları ilə bağlı ictimai müzakirə olub.

Birxeber.Az xəbər verir ki, müzakirədə təşkilatçı qurumların rəhbərləri, millət vəkilləri, dövlət qurumlarının və vətəndaş cəmiyyətinin nümayəndələri, ekspertlər iştirak ediblər.

Tədbirdə çıxış edən Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib ki, qohum evlilikləri daha çox iqtisadiyyatı qapalı, savadsızlıq səviyyəsi yüksək olan və məlumatlı olmayan cəmiyyətlərdə baş verir:

"Qohum evliliyinin ən yüksək göstəriciləri Şimali və Saharadan cənubda Afrika, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiyada qeydə alınıb. Pakistan və Hindistanda qohumluq nisbəti 73% və 60%-dir. UNICEF və onun Uşaq Ölümünün Qiymətləndirilməsi üzrə 2017 ci ilin son hesabatına əsasən, Pakistan dünyada ən yüksək neonatal ölüm nisbətinə malikdir və hər 1000 nəfərə 46 ölüm düşür".

Tədbirdə bildirilib ki, dövlət tərəfindən bu istiqamətdə lazımi tədbirlər görülür:

“Qanunvericiliyə dəyişikliklər edilir, yeni sənədlər qəbul edilir, maarifləndirmə işləri aparılır. Lakin buna baxmayaraq, bəzi ailələrdə müşahidə olunan ənənəvi stereotiplərin, qohumların evlənməsinə müsbət yanaşılması kimi patriarxal düşüncələrin mövcudluğu belə nikah hallarının baş verməsinə səbəb olur.

Bununla əlaqədar qohumlar arasında bağlanan nikahın doğura biləcəyi fəsadlarla bağlı ictimaiyyətin rəyi öyrənilərək baba və (və ya) nənəsi ümumi olan şəxslər arasında nikahın bağlanmasına yol verilməməsi məqsədilə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 12-ci maddəsində müvafiq dəyişiklik edilməsi təklif olunur.