Fitch Solutions: Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini 7%-ə endirəcək

Fitch Solutions:  Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini 7%-ə endirəcək

"Fitch Solutions” (FS) 2024-cü ildə Azərbaycanda pul siyasəti ilə bağlı proqnozunu azaldıb.

"APA-Economics" xəbər verir ki, “Fitch Solutions” bu il üzrə Azərbaycan Mərkəzi Bankının (AMB) uçot dərəcəsini 7.00%-dək azaldacağını proqnozlaşdırıb.

"AMB-nin 2024-cü ildə əsas faiz dərəcəsini 2024-cü ilin sonuna 100 baza bəndi azaldaraq 7.00%-ə qədər endirəcəyini proqnozlaşdırırıq. İllik inflyasiyanın yavaşlaması fonundan ötən ilin dördüncü rübündə uçot dərəcəsi azaldıldı. Pərakəndə ticarət 2023-cü ilin ikinci yarısında artıb. Fikrimizcə, daha zəif monetar şərtlər 2024-cü ildə daha çox istehlakçı inamını təşviq edəcək və nəticədə istehlak daha yüksək olacaq. Buna görə də, biz ev təsərrüfatlarının istehlakının 2023-cü ildəki təxmin edilən 3.0%-dən 2024-cü ildə 4.0%-ə yüksələcəyini proqnozlaşdırırıq"- "Fitch Solutions”un açıqlamasında əlavə edilib.

Qeyd edək ki, bundan əvvəl, yanvarın 11-də Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING Azərbaycanda pul siyasəti ilə bağlı proqnozunu dəyişməyərək 8% müəyyən edib. ING AMB-nin yalnız 2025-ci ilin sonunda uçot dərəcəsini 7.00%-ə endirəcəyini proqnozlaşdırıb.

Xatırladaq ki, Mərkəzi Bank son iki qərarı ilə uçot dərəcəsini endirib. Sonuncu dəfə ötən il dekabrın 20-də Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 8,5%-dən 8.00%-ə, faiz dəhlizinin aşağı həddi 7.0%-dən 6,5%-ə, faiz dəhlizinin yuxarı həddi isə 9,5%-dən 9.0%-ə kimi azaldılıb. AMB bu il ilk dəfə yanvarın 31-də uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq.