Dövlət Agentliyi yayılan feyk məlumatlarla bağlı valideynləri təşvişə düşməməyə çağırıb

Dövlət Agentliyi yayılan feyk məlumatlarla bağlı valideynləri təşvişə düşməməyə çağırıb

Ötən gündən başlayaraq sosial şəbəkələrdə bir neçə ümumi təhsil müəssisəsində təxribat törədiləcəyi ilə bağlı məlumatlar paylaşılmaqdadır.

APA xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin açıqlamasında bildirilib.

"Yayılan məlumatlardan xəbərdarıq. Bildiririk ki, məsələ aidiyyəti qurumların nəzarətindədir. Hazırda tədris prosesi ənənəvi qaydada davam edir. Valideynləri təşvişə düşməməyə, sosial şəbəkə istifadəçilərini isə həyəcan yaradan çağırışlar etməməyə çağırırıq", - açıqlamada qeyd edilib.

Qeyd edək ki, sosial şəbəkələrdə Azərbaycanda bir qrup şəxs tərəfindən müəyyən məktəblərdə və ticarət mərkəzində qətllərin həyata keçiriləcəyi ilə bağlı məlumatlar yayılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, məsələ nəzarətə götürülüb, araşdırılır.

APA-nın araşdırması zamanı məlum olub ki, ötən gün yaradılmış saxta hesab vasitəsilə Kazanda tətbiq olunmuş mətndə məktəb nömrələri və ticarət mərkəzlərinin adı dəyişdirilərək, Azərbaycan seqmentinə ünvanlanıb. Bu isə onu deməyə əsas verir ki, müxtəlif cəmiyyətlərdə təşviş yaratmağa yönəlmiş saxta məlumatlarla bu dəfə azərbaycanlı valideynlər sınanılıb.