"New-York Times": İngilis dili və Qərb texnologiyaları ukraynalı pilotların F-16 təlimini gecikdirir

"New-York Times": İngilis dili və Qərb texnologiyaları ukraynalı pilotların F-16 təlimini gecikdirir

"Rumıniyada Ukrayna pilotlarına F-16 döyüş təyyarəsini idarə etməyi öyrətmək üçün yaradılmış yeni təlim mərkəzində təyyarələr hazırdır, uçuş təlimatçıları gözləyir, ancaq bir məqam var: ukraynalı pilotlar hələ gəlməyiblər".

Birxeber.Az xəbər verir ki, bu, "New-York Times"in məqaləsində qeyd olunub.

"NATO müttəfiqlərinin də döyüş təyyarələrində təlim keçmək üçün istifadə etdikləri Rumıniyanın cənub-şərqindəki "Fetesti" aviabazasında ukraynalı pilotların nə vaxt təlimlərə başlayacağı hələ də bəlli deyil, lakin bu gecikmə hərbi ittifaqın F-16-ları tədarük etməyə tələsməsi ilə üzləşən qarışıqlıq və xaosa bir pəncərədir", - məqalədə deyilir.

İndiyədək 12 pilotun Danimarka, Britaniya və ABŞ-da 10 aylıq təlim keçdikdən sonra bu yay F-16-ları döyüşdə idarə etməyə hazır olacağı gözlənilir. Lakin pilotlar Ukraynaya qayıdana qədər avropalı müttəfiqlərin vəd etdiyi təxminən 45 döyüş təyyarəsindən yalnız 6 F-16 təslim edilmiş olacaq.

Nəşr qeyd edir ki, normal standartlara görə öyrədilməsi illər tələb edən mürəkkəb Qərb reaktiv təyyarələri üzərində bu uçuş dərsləri Ukrayna pilotları üçün maksimum qısaldılıb, "bu təlimlər ildırım sürəti ilə davam edib, simulyasiya və uçuş məşqlərini aylara sıxışdırılıb. Buna baxmayaraq, proses Ukrayna və müttəfiqlərinin gözlədiyindən daha yavaş gedir, çünki Sovet dövründən qalma təyyarələrdə və taktikalarla təlim keçmiş pilotlar F-16-lardan səmərəli istifadə etmək üçün ingilis dilini və Qərbin hərbi təcrübələrini öyrənməli olublar".

Danimarkanın müdafiə naziri Troels Lund Poulsen "New-York Times"ə yazılı açıqlamasında "təlimin yaxşı getdiyini" və Ukrayna pilotlarının artıq Danimarka hava məkanı üzərində uçduqlarını deyib.

Ukraynalı pilotların təlimi ötən ilin avqustunda Danimarkanın cənubundakı "Skrydstrup" aviabazasında başlayıb, lakin onların dil biliklərindəki çatışmazlıqlar və Qərbin uçuş texnikalarını bilməməsi proses ləngidib. Danimarka rəsmiləri bildiriblər ki, yanvar ayına qədər ukraynalı pilotlar uçmağa hazır olmayıblar.

Rəsmilər, ilkin olaraq, ukraynalıların Rumıniyadakı təlim mərkəzi əvəzinə Danimarkaya göndərildiyini, çünki pilotların təlimə başlamağa hazır olduğu vaxt Rumıniyadakı bazanın hələ açılmadığını qeyd ediblər. Qeyd edək ki, "Fetesti" bazasında uçuş təlim mərkəzinin yaradılması ötən ilin iyulunda NATO sammitində elan edilib və noyabrda onun təlimatçıları Rumıniyanın öz pilotlarını bu ölkənin yeni F-16 eskadronu üçün hazırlamağa başlayıblar.

"New -York Times" yazır ki, ukraynalı pilotlar kimi, bazadakı rumıniyalı kursantlar da noyabr ayında uçuş kurslarına başlayanda Sovet və Rusiya istehsalı olan təyyarələri idarə etməkdə bacarıqlı idilər, "lakin ukraynalılardan fərqli olaraq, Rumıniyanın pilotları artıq ingiliscə danışırdılar və NATO-nun əməliyyat standartları ilə tanış idilər".

Nəşr qeyd edir ki, səkkiz ukraynalı pilotdan ibarət növbəti qrupun yayın sonunda Danimarkaya gəlməsi planlaşdırılır, lakin onlardan hər hansı birinin Rumıniyanın "Fetesti" bazasında təlimlərə nə vaxt başlayacağı bəlli deyil.

Qeyd edək ki, indiyədək Danimarka, Niderland, Norveç və Belçika üç kiçik eskadrilya üçün təxminən 45 təyyarəni Ukraynaya göndərməyi öhdələrinə götürüb. Danimarka ilk altı təyyarəni yazın sonunda göndərir, daha 13 təyyarəni isə ilin qalan hissəsində və 2025-ci ilə qədər göndərəcək.

Digər ölkələr F-16-ların tədarük tarixini təyin etməyiblər. Niderlandın Müdafiə Nazirliyinin sözçüsü Jurriaan Esser Ukrayna onları qəbul etməyə hazır olana qədər gözləyəcəklərini deyib və 24 F-16 göndərilə biləcəyini qeyd edib.

"New-York Times"in xəbərinə görə, təxminən 50 ukraynalı texnik də Danimarkada təyyarələri təmir etmək və onların silah paketlərini idarə etmək üçün təlim keçir, çünki F-16 o qədər mürəkkəbdir ki, hər birinə qulluq etmək üçün ümumilikdə 8-14 nəfər lazımdır. "Rəsmilər bildiriblər ki, Qərb müdafiə podratçıları təyyarələri Ukraynaya müşayiət etməli və onlara lazımi şəkildə qulluq etmək üçün kifayət qədər ukraynalı ekipajlar olana qədər onlarla qalmalı olacaqlar – bu, illər çəkə bilər", "New-York Times" yazıb.