"Qarabağ"ın futbolçusu: "Leverkuzenə yalnız qələbə üçün gedirik" - MÜSAHİBƏ

"Qarabağ"ın futbolçusu: "Leverkuzenə yalnız qələbə üçün gedirik" - MÜSAHİBƏ

Fransalı futbolçu Hamidu Keyta 2023-cü ilin yayından "Qarabağ"da çıxış edir. Hücumçu bu mövsüm "köhlən atlar"ın heyətində meydana çıxdığı 37 matçda 8 qol vurub, 5 məhsuldar ötürmə edib. Əksər hallarda meydana sonradan daxil olan vinger oyun üslubu ilə baş məşqçi Qurban Qurbanovun rəğbətini qazanmağı bacarıb.

Hamidu Keyta Azərbaycan Premyer Liqasının 26-cı turunda keçirilən "Qarabağ" - "Zirə" matçından (3:1) sonra "Birxeber.Az"un suallarını cavablandırıb.

- "Zirə"yə qarşı oyun barədə nə deyə bilərsiniz?

- Qələbə qazanmaq bizi sevindirir. "Zirə"yə qarşı oyunda çətinlik çəkdik. Amma yekunda 3 xal qazana bildik.

- "Qarabağ"ın Premyer Liqada böyük xal fərqi ilə irəlidə olması sizi təəccübləndirmir?

- İkinci və üçüncü yerdə qərarlaşan komandalardan xeyli irəlidəyik. Amma biz xal fərqinə yox, hər oyun qələbə qazanmağa köklənirik. Yalnız bu şəkildə yüksək nəticə əldə etmək olar.

- "Qarabağ"ı Almaniyaya səfər gözləyir. "Bayer 04"ə qarşı Bakıdakı oyunu təkrarlaya biləcəksiniz?

- Leverkuzenə yalnız qələbə qazanmaq üçün gedirik. Oyuna hazırlaşmaq üçün az vaxtımız qalıb. İlk matçda sərgilədiyimiz performansı Almaniyada da davam etdirəcəyik. Məqsədimiz növbəti mərhələyə vəsiqə qazanmaqdır. 1/8 finala qədər gəlib çatmaq bizə əvəzolunmaz hisslər yaşadır.

- "Bayer 04" ilə cavab matçında sizi əsas heyətdə görə bilərik?

- Mən məşqlərdə özümü yaxşı tərəfdən göstərirəm. Bütün bacarıqlamı komandaya kömək etmək üçün sərf edirəm. Bu matç mənim üçün olduqca önəmlidir. Komanda şəklində hazırlaşırıq. Oyunçularla daim bir-birimizə dəstək oluruq. Qazandığımız uğurlar komanda işinin nəticəsidir.