Azərbaycan Gürcüstana investisiya qoyuluşunu 32 dəfə artırıb

Azərbaycan Gürcüstana investisiya qoyuluşunu 32 dəfə artırıb

2023-cü ildə Azərbaycan Gürcüstana 53,6 milyon ABŞ dolları investisiya yatırıb ki, bu da 2022-ci ilə nisbətən 31,5 dəfə çoxdur.

“Report” bu barədə Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən il Gürcüstana yatırılan ümumi xarici investisiyalarda Azərbaycanın payı 3,4 % təşkil edib.

Hesabat dövründə Gürcüstana 1 milyard 594,7 milyon ABŞ dolları xarici birbaşa investisiya yatırılıb ki, bu da illik müqayisədə 24 % azdır.

Ötən il Gürcüstanın əsas xarici investoru Böyük Britaniya (392 milyon ABŞ dolları; 10,3 % az) olub. Onu ABŞ (153,5 milyon ABŞ dolları; 13 % az), Rusiya (87,6 milyon ABŞ dolları; 19 % az) və Malta (80 milyon ABŞ dolları; 2,1 dəfə çox) izləyib.

Təkcə öən ilin IV rübündə Azərbaycanın qonşu ölkəyə investisiya qoyuluşu əvvəlki ilin eyni dövrünə nisbətən 8,5 dəfə artaraq 35,6 milyon ABŞ dollarına çatıb. Bu da qonşu ölkəyə rüblük xarici investisiya qoyuluşunun 17,2 %-i qədər olub.