Qərb fondları bəzi media qurumlarını maliyyələşdirməklə Azərbaycanda qarışıqlıq yaratmaq istəyirlər - RƏY

Qərb fondları bəzi media qurumlarını maliyyələşdirməklə Azərbaycanda qarışıqlıq yaratmaq istəyirlər - RƏY

Milli Məclisin deputatı Kamran Bayramov Azərbaycanda fəaliyyət göstərən bəzi media qurumlarının Qərb siyasi dairələri və fondları tərəfindən maliyyələşdirilməsində əsas məqsədin ölkədə qarışıqlıq yaratmaq olduğunu bildirib.

Deputat “Birxeber.Az”a açıqlamasında qeyd edib ki, Azərbaycanın uzun illərdir insan haqları, demokratiya və s. məsələlərdə Qərbin ikili standartları ilə üz-üzə qalıb.

Onun sözlərinə görə, bu yanaşmanın kökündə Qərbin müxtəlif xarici dairələrinin geosiyasi və strateji maraqları dayanır:

“Onlar belə düşünürlər ki, Azərbaycanın dövlətçilik və milli maraqları ya olmamalı, ya da kimlərinsə cızdığı çərçivədən kənara çıxmamalıdır. Azərbaycan dəfələrlə sübut edib ki, onların bu siyasəti tamamilə yanlışdır və gülüş doğurur. Çünki Azərbaycan müstəqil dövlət olaraq daxili və xarici siyasətini, beynəlxalq əlaqələrini özü müəyyənləşdirir və bunun üçün hansısa güc mərkəzinin məsləhətlərinə ehtiyac görmür. Bu səbəbdən ABŞ-nin dövlət büdcəsindən maliyyələşən “Human Rights Watch”, “Freedom House” və bu kimi təşkilatlardan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə olunur".

Parlamentari vurğulayıb ki, ölkədə fəaliyyət göstərən bəzi media qurumlarının Qərb siyasi dairələri və fondları tərəfindən maliyyələşdirilməsində əsas məqsəd Azərbaycanda qarışıqlıq yaratmaqdır.

"Bu günlərdə “Toplum TV”nin fəaliyyətinə hüquqi müstəvidə qiymət verilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilib. “Abzas Media”, “Toplum TV” kimi qurumlar Qərbin qarayaxma kampaniyası, dağıdıcı siyasətinin həyata keçirilməsində alət kimi çıxış ediblər”, - deputat söyləyib.

K.Bayramov qeyd edib ki, Azərbaycan bu şəbəkələri ifşa edərək zəruri tədbirlər görüb: “Ancaq bəlli olur ki, Azərbaycan ehtiyat tədbirləri gördüyü kimi, “qrant şəbəkəsi” də çevik tərpənib. Qeyri-leqal vəsaitin ölkəyə gətirilib agentura şəbəkəsinə çatdırılması üçün son illər tamamilə yeni metodlardan istifadə ediblər. “Abzas Media”, “Toplum TV”nin fəaliyyətinin araşdırılması bir çox mətləbləri aydınlaşdırıb. Məlum olub ki, bu təşkilatlar öz fəaliyyətlərini Azərbaycan qanunları əsasında deyil, ABŞ-dən gələn “tapşırıqlar” əsasında qururlar. Maliyyə xərcləri kimi informasiya tezisləri də Qərbdən gəlir. Bu tezislərlə Azərbaycanda ictimai rəyi çaşdırmağa çalışırlar”.

Deputat diqqətə çatdırıb ki, onların məkrli planlarını həyata keçirən USAID və Samanta Pauerin rəhbərlik etdikləri Qərb fondlarının təsiri altına düşən ölkələrdə "rəngli inqilab"ların olduğu məlumdur: “Qərbə məxsus fondlar və QHT-lər demokratiya, söz azadlığı və insan haqları şüarları altında dinc insanların beyinlərini pozmaqla onları dövlətə qarşı qaldırmağa nail olmağa çalışırlar. Təbii ki, “Ərəb baharı”nın baş verdiyi ölkələrdə çevrilişlərdən sonra yaranmış vəziyyətin bu gün də düzəlmədiyinin şahidi olmuşuq. Ukraynada “narıncı inqilab” etməklə hakimiyyət çevrilişinə nail olan Qərb, bu ölkəni də məhv olunma vəziyyətinə gətirdi. Hazırda Ukraynada gedən müharibədə minlərlə dinc insan həlak olur, şəhərlər və kəndlər yer üzündən silinir”.

O bildirib ki, onlar Azərbaycan hər cür təxribatların qarşısını alacağını unudurlar: “Azərbaycan öz milli maraqlarına uyğun addımlar atır və dövlət əleyhinə işləyən müxtəlif şəxsləri, qrupları və həmin təşkilatların təsiri altına düşərək qeyri-qanuni üsullarla fəaliyyət göstərən şəbəkələri ifşa edir”.