Azərbaycan və Qazaxıstan arasında müxtəlif təhsil səviyyələri üzrə hər il tələbə mübadiləsi planlaşdırılır

Azərbaycan və Qazaxıstan arasında müxtəlif təhsil səviyyələri üzrə hər il tələbə mübadiləsi planlaşdırılır

Azərbaycan və Qazaxıstan arasında müxtəlif təhsil səviyyələri üzrə hər il 12 tələbə mübadiləsi planlaşdırılır.

Bu barədə "Report"a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, iki ölkə arasında imzalanan protokola əsasən, tərəflər hər il bakalavriat proqramları üzrə 3 nəfər, magistratura proqramları üzrə 5 nəfər, doktorantura proqramları üzrə 2 nəfər, əsas (baza ali) tibb təhsili və rezidentura proqramları üzrə 2 nəfər üçün tələbə mübadiləsi həyata keçirməyi planlaşdırır.

Bildirilib ki, Qazaxıstan tərəfi informasiya və kommunikasiya texnologiyaları, mühəndislik, emal və tikinti sənayesi üzrə 5 nəfər, kənd təsərrüfatı və bioresurslar, incəsənət və humanitar elmlər, sosial elmlər, jurnalistika və informasiya, biznes, idarəetmə və hüquq üzrə 5 nəfər, səhiyyə və sosial təminat (tibb) ixtisasları üzrə 2 nəfərin təhsilini təşkil etməyi üzərinə götürür. Azərbaycan tərəfi isə texniki və texnoloji ixtisaslar üzrə 3 nəfər, humanitar və sosial ixtisaslar üzrə 3 nəfər, iqtisadiyyat və idarəetmə ixtisasları üzrə 3 nəfər, təbiət ixtisasları üzrə 1 nəfər, əsas (baza ali) tibb təhsili və rezidentura ixtisasları üzrə 2 nəfərin təhsilini təşkil edəcək.

Protokol çərçivəsində tərəflər tələbələrin Azərbaycanın ali təhsil müəssisələrinin və Qazaxıstanın ali (və ya) ali təhsildən sonrakı təhsil müəssisələrinin yataqxanalarında yerləşdirilməsi üçün mümkün səyləri göstərəcək.

Qeyd edək ki, martın 11-də Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan–Qazaxıstan sənədlərinin imzalanma mərasimi olub. Mərasim zamanı Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev ilə Qazaxıstanın elm və ali təhsil naziri Sayasat Nurbek “3 aprel 2017-ci il tarixli Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Sazişə dəyişikliklər edilməsi haqqında Protokol”u imzalayıblar.