Moldova süni intellektin yaratdığı şərabı təqdim edib

Moldova süni intellektin yaratdığı şərabı təqdim edib

Moldova Almaniyanın Düsseldorf şəhərində keçirilmiş beynəlxalq “ProWein2024” sərgisində ölkə tarixində ilk dəfə olaraq süni intellektdən istifadə etməklə yaradılmış şərab təqdim edib.

“Report” xəbər verir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Bu il Moldovada şərabçılıq üçün tarixi il oldu – süni intellektin köməyi ilə yaradılmış inqilabi “Chelaris” çaxır buraxılıb. Bu məhsul ölkənin çoxəsrlik şərabçılıq irsinin və ən qabaqcıl texnologiyaların nəticəsidir. Şərab Düsseldorfdakı “ProWein2024” sərgisində təqdim olunub”, – məlumatda qeyd olunub.

Yeni şərab məhsulu Milli Üzüm və Şərab Ofisinin (ONVV) himayəsi altında Moldova Texniki Universitetinin nümayəndələrinin iştirakı ilə bir il öncə başlanmış pilot layihənin sonucudur. “Chelaris” virtual enoloquna Moldova üçün reprezentativ şərab yaratmaq, son beş ildə toplanmış bütün bilgilər əsasında üzüm yığımının başlama tarixi, fermentasiya prosesi, filtrasiya, qablaşdırma, konservasiya və təbliğatla bağlı təfərrüatlar, habelə ətraflı protokollar təqdim etmək tapşırılıb.

Hər il Düsseldorfda keçirilən sərgidə Moldovanın əllidən çox aparıcı şərab istehsalçısı iştirak edib. Şərabçılıq ölkənin əsas sənaye sahələrindən biridir və dünyanın 70-dən çox ölkəsinə çaxır idxal edir.