İlham Əliyev: Qazaxıstan və Azərbaycan bütün istiqamətlərdə aktiv fəaliyyət göstərir

İlham Əliyev: Qazaxıstan və Azərbaycan bütün istiqamətlərdə aktiv fəaliyyət göstərir

Bu gün Qazaxıstan və Azərbaycan bütün istiqamətlər, o cümlədən tranzit nəqliyyat sahəsində - konnektivliklə bağlı sahədə qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi istiqamətində aktiv fəaliyyət göstərirlər.

"Birxeber.Az"un xəbərinə görə, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 11-də Çinin Siyan terminalından Bakının Abşeron stansiyasına konteyner qatarının gəlişi mərasimində deyib.

Dövlət başçısı bu əlamətdar hadisə münasibətilə nəqliyyatçıları təbrik edib.

"Bu gün Qazaxıstan Prezidentinin Azərbaycana dövlət səfəri çərçivəsində nəqliyyat-logistika sektoruna aid məsələlər ətraflı müzakirə olundu. Qəbul etdiyimiz qərarlar mahiyyətcə bu gözəl mərasimin keçirilməsinə kömək edir. Bu gün Qazaxıstan və Azərbaycan bütün istiqamətlər, o cümlədən tranzit nəqliyyat sahəsində - konnektivliklə bağlı sahədə qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi istiqamətində aktiv fəaliyyət göstərirlər", - Azərbaycan lideri qeyd edib.

Prezident İlham Əliyev mərasimdə çıxışı zamanı söyləyib ki, ikitərəfli əməkdaşlıq həm TransXəzər nəqliyyat marşrutu, həm də Orta Dəhliz layihələrinin həyata keçirilməsi çərçivəsində çoxtərəfli əməkdaşlığın bir hissəsidir:

"Bu gün müzakirə edilən planlar ölkələrimizin dəmir yollarının boş qalmaması, belə konteyner qatarlarının isə gündəlik həyatımızın bir parçası olmasına imkan verir. Ölkələrimiz arasında müxtəlif istiqamətlərdə nə qədər çox yük daşınarsa, əməkdaşlığımız o qədər inkişaf edəcək, Qazaxıstanla Azərbaycan beynəlxalq nəqliyyat daşımalarında daha böyük rol oynayacaqlar. Bir daha Qazaxıstan və Azərbaycanı, həmçinin Çindəki tərəfdaşlarımızı bu əlamətdar hadisə münasibətilə təbrik edirəm. Qatarın yolu açıq olsun".