Əndazəni aşan Olivye – Fransanın İrəvandakı səfirinin separatizm sevgisi - ŞƏRH

Əndazəni aşan Olivye – Fransanın İrəvandakı səfirinin separatizm sevgisi - ŞƏRH

Fransa Azərbaycana qarşı yürütdüyü siyasətdə bütün əndazələri aşmaq siyasətini davam etdirir. Rəsmi Paris Ermənistanı Azərbaycana qarşı qaldırmağa cəhd göstərir, onu müasir silahlarla təchiz edir, revanşistlərə dəstək verməklə yanaşı, keçmiş separatçı rejimin qalıqlarına açıq dəstək nümayiş etdirir.

Bu riyakar siyasətin həyata keçirilməsində Ermənistandakı səfir Olivye Dekotininin xüsusi rolu var. O, ölkəsinin separatizmə dəstək siyasətini uğurla davam etdirir, ermənidən artıq erməni olmağa çalışır. Qarabağdan könüllü köç edən ermə­nilərin durumunu faciə kimi qiymətləndir­ənlərin sırasında olan bu şəxs aktiv şəkildə növbəti erməni avantürasının formalaşmasına qoşularaq separatçıların müxtəlif şou xarakterli tədbirlərində xüsusi canfəşanlıq göstə­rir.

30 il ərzində Ermənistandan və Azərbaycan torpaqlarından qovulan soydaşlarımızın taleyinə biganə qalan Fransa indi bir ovuc hayın "etnik təmizlənməyə" məruz qalması barədə hay-küy qaldırıb. Rəsmi İrəvan belə Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf etdiyi halda, Paris mütəmadi olaraq bölgədən könüllü çıxan erməni sakinlərin geri qayıtmasından gileylənir.

Bu dəfə isə fransız diplomat Azərbaycan torpaqlarından könüllü çıxan sakinlərlə bağlı İrəvanda təşkil edilən sərgiyə qatılıb, orada göz yaşı töküb.

Əvvəla, səfirin Qarabağdan ermənilərin miqrasiyasının səbəbləri barədə söylədikləri iftira və əsassızdır. Fransa obyektiv, Avropa demokratik ənənələrinə sadiq ola bilməz. Əgər belə olsaydı, Ermənistandan qovulan soydaşlarımızın geridönüş məsələsini də gündəmə gətirərdi. İndiyə qədər Fransanın Azərbaycandakı diplomatları bir milyona yaxın qaçqın insanımızın geridönüşü məsələsini qaldırmayıb. Halbuki, rəsmi Paris Ermənistanla Azərbaycan arasında münaqişənin nizamlanması ilə məşğul olmalı olan ATƏT-in keçmiş Minsk qrupunun həmsədrlərindən biri olub.

İkincisi, səfirin diqqətinə bir məsələni də çatdırmaq istərdik. Azərbaycan Qarabağı könüllü tərk edən erməni sakinlərin geri qayıtması üçün heç bir problem görmür. Həmin ermənilərin sadəcə Azərbaycan Dövlət Miqrasiya Xidmətinə ərizə ilə müraciət etmələri kifayətdir. Onlar vətəndaşlıq aldıqdan sonra Azərbaycanda yaşaya bilərlər. Və nə səfir Dekotini, nə də başqası bu qaydanı dəyişə bilməz.

Səfir bundan əvvəl də səsləndirdiyi bəyanatlarda sülh prosesinə qarşı çıxıb. Ermənistanı silahlandırmağı prioritet elan edən Olivye Paris və İrəvan arasında “strateji yaxınlığı" əsas elan edib. Müdafiə sahəsində iki ölkənin əməkdaşlıq etməli olduğunu, Ermənistanın öz suverenliyi və əhalisini qorumaq iqtidarında olmasını vurğulayıb. Sözsüz ki, Olivye arada özünü "müstəqil" göstərsə də, Makron hökumətindən aldığı tapşırıq və tezislərə uyğun hərəkət edir. Onun ermənilər üçün fransız vizaları ilə bağlı maxinasiyalara yol verdiyi də vurğulanır.

Qeyd edək ki, Olivye Dekotini bu yaxınlarda verdiyi başqa bir bəyanatda ermənilərə dəstək nümayiş etdirib. Bildirib ki, Ermənistan öz suverenliyini və əhalisini qorumaq qabiliyyətində olmalıdır. Erməni ordusunun yaranmasının ildönümünə həsr olunan tədbirlərə qatılan diplomat bir sıra məsuliyyətsiz bəyanatlar verib. O iddia edib ki, Paris İrəvanla strateji yaxınlığı, eləcə də onunla müdafiə münasibətlərini üzərinə götürür.

Maraqlıdır ki, Fransa nümayəndələri 44 günlük müharibə ilə tarixin ən böyük qələbələrindən birinə imza atan qalib Azərbaycan Ordusunun nəinki bir tədbirində iştirak edib, hətta onu təbrik belə etməyib. Əvəzində isə nəinki məğlub Ermənistan ordusunun tədbirlərinə qatılır, hətta onun şəninə təriflər yağdırır.

Peşəkar diplomat kimi tanınan bu Olivye Dekotini Sorbonna Universitetinin məzunudur. 2012-2015-ci illərdə Fransanın İrandakı səfirliyində ikinci müşavir vəzifəsini tutub. İranın nüvə proqramı, regional siyasəti ilə bağlı analitik məqalələrin müəllifi kimi tanınır. Məqalələri əsasən "The Washington Institute"də dərc olunub. Qarabağdan çıxan ermənilər üçün Fransanın mobilləşməsi kampaniyasının aktiv iştirakçısı, hətta Parisdə keçirilən “1000 yaşlı erməni musiqisi” adlı xeyriyyə konsertinin təşkilatçılarındandır. Aksiyanın təşkilatçıları sırasında “Fransa ermənilərinin mavi xaçı” adlı qeyri-hökumət təşkilatı da var. 1928-ci ildə Fransada təsis edilən bu təşkilat Qarabağda separatizm hərəkatının aktiv iştirakçılarından olub, bölgəyə terrorçuların göndərilməsi, eləcə də Türkiyəyə qarşı siyasətin öncüllərindəndir. Təşkilatın Fransanın 35 şəhərində 500 üzvü fəaliyyət göstərir.

Beləliklə, səfir son hərəkətləri ilə bir daha təsdiq edib ki, Azərbaycan əleyhinə fəaliyyəti Yelisey sarayının siyasi-hərbi həyat tərzinə çevirib. Fransalı diplomat etnik və dini təəssübkeşlik, şarlatanlığın artıq keçmişdə qaldığını anlamalıdır. Bu reallığı Ermənistan da başa düşməlidir. Anlamalıdır ki, çıxış yolu Fransanın növbəti müstəmləkəsinə çevrilmək yox, qonşularla mehriban münasibətlərin qurulmasındadır. İşğalçı siyasətdən əl çəkmək, sülh müqaviləsi imzalamaq Ermənistanın nicatıdır.