Tokayev: Azərbaycanla mədəniyyət sahəsində sazişlər əməkdaşlığımızın möhkəmlənməsinə xidmət edir

Tokayev: Azərbaycanla mədəniyyət sahəsində sazişlər əməkdaşlığımızın möhkəmlənməsinə xidmət edir

“Mədəniyyət sahəsində sazişlərimizin reallaşdırılması Qazaxıstan-Azərbaycan əməkdaşlığının möhkəmlənməsinə xidmət edir”.

APA Qazaxıstan Prezident Administrasiyasının (Ak Orda) mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu ölkəmizdə dövlət səfərində olan Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Azərbaycan Respublikası və Qazaxıstan Respublikası Ali Dövlətlərarası Şuranın birinci iclasında çıxışı zamanı deyib.

Qazaxıstan rəhbəri diqqətə çatdırıb ki, Türküstan və Şuşa şəhərləri, eləcə də Uralsk və Mingəçevir, Şımkent və Gəncə qardaşlaşmış şəhərlər elan edilib:

“Mən ölkələrimiz arasında mədəni əlaqələrə böyük diqqət ayırıram. Bu, xalqların bir-birinə yaxınlaşması baxımından olduqca vacibdir".

Tokayevin sözlərinə görə, Sumqayıt şəhərində Əhməd Baytursınovun, Astanada isə Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi və onların adına küçələrin açılması ölkələrimiz üçün əlamətdar hadisə olub:

“Azərbaycanda ötən il Qazaxıstanın Mədəniyyət Günləri böyük uğurla keçirilib və qeyd etdiyiniz kimi, sabah biz Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışını edəcəyik. Bu, həm də bizim qarşılıqlı fəaliyyətimizin və əməkdaşlığımızın simvolu olacaq”, - deyə Tokayev əlavə edib.

Qazaxıstan lideri həmçinin vurğulayıb ki, Ali Dövlətlərarası Şuranın fəaliyyəti ölkələrimiz arasında əməkdaşlığa güclü təkan verəcək və Qazaxıstan-Azərbaycan münasibətlərinin yeni zirvələrə yüksəlməsinə töhfə verəcək.