Azərbaycan və Türkiyənin depozitarları əməliyyatlarla bağlı əməkdaşlığı müzakirə edib

Azərbaycan və Türkiyənin depozitarları əməliyyatlarla bağlı əməkdaşlığı müzakirə edib

Azərbaycanın Milli Depozit Mərkəzi (MDM) və Türkiyənin mərkəzi depozitarı (MKK) arasında əməliyyatlarla bağlı əməkdaşlıq müzakirə edilib.

"Report" bu barədə MDM-yə istinadən xəbər verir.

Məlumata görə, MDM-nin və "Bakı Fond Birjası" QSC-nin (BFB) nümayəndə heyəti Türkiyənin İstanbul şəhərinə işgüzar səfər ediblər. Səfər çərçivəsində MKK ilə həmçinin beynəlxalq əlaqələr, depo hesabları üzrə prosedur, komplayns məsələləri, depozitar qəbzlər və təşkilatlar arasında əməkdaşlığın gələcək inkişaf perspektivləri müzakirə olunub.

Bundan başqa, Türkiyənin klirinq təşkilatı “Takasbank” ilə görüşdə pul hesabları, klirinq, hesablaşmalar və mərkəzi kontragent funksiyası barədə görüş iştirakçılarına ətraflı məlumat verilib. Görüşlər zamanı MDM və BFB-in nümayəndə heyətlərinin sualları cavablandırılıb və müzakirə olunan mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində Türkiyənin fond birjası olan “Borsa İstanbul”un nümayəndələri ilə görüş keçirilib. Görüşdə Türkiyə birjasının əməkdaşları beynəlxalq əlaqələr, strateji planlaşdırma, insan resurslarının idarə edilməsi, biznesin inkişafı, listinq, informasiya texnologiyaları, üzvlük münasibətləri, audit və nəzarət kimi müxtəlif istiqamətlər üzrə təcrübələrini bölüşüblər.