NATO Baş katibi: Ukraynanın təslim olması sülh deyil

NATO Baş katibi: Ukraynanın təslim olması sülh deyil

"Ukraynanın təslim olması sülh deyil".

APA xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq NATO baş qərargahında İsveçin bayrağının qaldırılması ilə bağlı mərasimdən əvvəl İsveç Baş naziri Ulf Kristersson ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Baş katib deyib ki, Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinə qarşı NATO öz sərhədləri boyunca mövcudluğunu gücləndirib.

"Putin iki il əvvəl tammiqyaslı işğalçı müharibəni başlayanda daha az NATO mövcudluğu görmək və öz qonşuları üzərində daha çox nəzarəti ələ keçirmək istəyirdi. O, Ukraynanı suveren bir ölkə kimi məhv etmək istəyirdi lakin o, uğursuzluğa düçar oldu. Bu gün NATO daha böyük və daha güclüdür, Ukrayna NATO üzvlüyünə daha əvvəl heç olmadığı qədər yaxınlaşıb və Ukrayna cəsarətlə öz azadlığı uğrunda savaşmağa davam edir, biz onların yanında dayanırıq", - Stoltenberq deyib.

Baş katib Yens Stoltenberq vurğulayıb ki, alyansın Ukraynaya hərbi yardımı orada insanların həyatını xilas edir və "bu yardım davam etməlidir".

"Bu müharibəni Rusiya başlatdı və Putin bunu bu gün də bitirə bilər, lakin Ukraynanın belə bir seçimi yoxdur, təslim olmaq sülh deyil. Biz Ukraynanı gücləndirməyə davam etməli və Putinə göstərməliyik ki, o, döyüş meydanında istədiyini əldə edə bilməyəcək. O, masaya oturmalı və Ukraynanı suveren və azad bir ölkə olaraq tanımalıdır", - NATO-nun Baş katibi deyib.