Hesablama Palatası Qazaxıstanın audit təcrübəsini öyrənir

Hesablama Palatası Qazaxıstanın audit təcrübəsini öyrənir

Azərbaycan Respublikası Hesablama Palatası və Qazaxıstan Respublikası Ali Auditor Palatası arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsi məqsədilə təsdiq edilmiş “2024-2026-cı illər üzrə ikitərəfli əməkdaşlıq istiqamətlərini müəyyən edən Tədbirlər Planı” çərçivəsində Qazaxıstan Ali Auditor Palatası tərəfindən “Respublika büdcəsinin konsolidə edilmiş maliyyə hesabatlarının auditi” mövzusunda seminar keçirilib.

Hesablama Palatasından APA-ya verilən məlumata göörə, ilk olaraq seminarda Qazaxıstan Ali Auditor Palatası tərəfindən konsolidə edilmiş maliyyə hesabatının strukturu barədə danışılaraq 36 dövlət orqanının, o cümlədən 3000-dən yuxarı tabe qurum və müəssisələrin maliyyə hesabatlarının birləşdirilməklə (təkrarlanan elementlər çıxılmaqla) respublika büdcəsi səviyyəsində maliyyə hesabatlarının konsolidə edildiyi bildirilib. Qeyd edilib ki, respublika büdcəsinin icrası ilə bağlı illik hesabatlarla birlikdə konsolidə edilmiş maliyyə hesabatları da rəy verilmək üçün aprel ayında Qazaxıstan Ali Auditor Palatasına göndərilir, ali audit orqanı (AAO) isə may ayında müvafiq hesabatlara ISSAI 1600 standartı nəzərə alınmaqla rəyini Parlamentə təqdim edir.

Seminar zamanı konsolidə edilmiş maliyyə hesabatlarının auditin məqsədinin respublika büdcəsi səviyyəsində maliyyə hesabatlarının etibarlılığı, habelə mühasibat uçotu aparılmasının və maliyyə hesabatlarının hazırlanmasının qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğunluğu barədə rəy ifadə etməkdən ibarət olduğu bildirilib.

Daha sonra həmkar AAO tərəfindən audit prosesinin blok sxemi barədə ətraflı məlumat verilərək xüsusi diqqət konsolidasiya prosedurlarının yoxlanılmasına, maliyyə təhriflərinin qruplaşdırılmasına və maliyyə təhriflərinin konsolidə edilmiş maliyyə hesabatlarına ekstrapolyasiya edilməsinə yönəldilib.

Seminarda konsolidə edilmiş maliyyə hesabatlarının auditi strategiyasından bəhs edilərək rəyin verilməsi zamanı maliyyə baxımından əhəmiyyətli dövlət orqanlarının maliyyə hesabatlarının bütün komplektinin audit edildiyi bildirilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Hesablama Palatasının bu seminarda iştirakının əsas məqsədi dövlət maliyyəsinin idarəedilməsi sahəsində gələcəkdə keçirilə biləcək islahatlara (büdcənin icrası barədə hesabatlılığın kassa metodundan hesablama metoduna keçirilməsi və bu hesabatlara ali audit orqanı (AAO) tərəfindən rəy verilməsi) əvvəlcədən hazır olmaqdan ibarətdir.