Azərbaycanda startaplara dəstək üçün eyniləşdirmə fondu yaradılacaq

Azərbaycanda startaplara dəstək üçün eyniləşdirmə fondu yaradılacaq

Bu ilin sonuna kimi Azərbaycanda startaplara dəstək üçün eyniləşdirmə fondu yaradılacaq.

"Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İnnovasiya ekosistemi departamentinin müdiri Yevgeniya Bikmurzina İRİA-nın 2023-cü ilin yekunları və 2024-cü ilin hədəflərinə dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 2024-cü ildə azərbaycanlı təsisçilər üçün 10 milyon ABŞ dollarlıq startaplara dəstək fondunun da yaradılması hədəflənir.

"Cari ilin hədəflərinə həmçinin mələk investorlar və vençur fondlar tərəfindən 38 investiya sövdələşməsi və mələk investorlar üçün daha bir klubun fəaliyyətə başlaması daxildir",- deyə Y. Bikmurzina qeyd edib.

Xatırladaq ki, Azərbaycanda “Caucasus Ventures” adlı ilk vençur fondu 2022-ci ildə yaradılıb.

Mələk investorlar daha kiçik məbləğlərdə startaplara yardım göstərirlər. Hesaqb olunur ki, ölkədə mələk investorların sayının artması startaplara böyük dəstək olacaq. Bu səbəbdən "Technovate-Sabah” klubu Azərbaycanda mələk investor olmaq istəyənlər üçün məktəb açıb.