Portuqaliyada erkən parlament seçkiləri keçirilib: Sağ mərkəzçilər liderdir

Portuqaliyada erkən parlament seçkiləri keçirilib: Sağ mərkəzçilər liderdir

Martın 10-da Portuqaliyada növbədənkənar parlament seçkiləri keçirilib.

“Report” xəbər verir ki, seçkilər əvvəlcə 2026-cı ilə təyin edilsə də, 2023-cü ilin noyabrında Portuqaliya prezidenti Marselo Rebelo de Souza parlamenti buraxmaq və ölkədə növbədənkənar seçkilər təyin etmək niyyətində olduğunu bəyan edir.

Dövlət başçısı bu qərarı 2015-ci ildə baş nazir olmuş sosialist Antonio Kostanın litium hasilatı və hidrogen istehsalı layihələrində mümkün pozuntularla bağlı prokurorluq araşdırması fonunda istefaya getdiyini elan etməsindən sonra verir.

Seçkilərdə fəallıq 65,4%-i ötüb. Səsvermə bülletenlərinin təxminən 95%-nin işlənməsindən sonra Sosial Demokrat Partiyasının sədri Luis Monteneqronun rəhbərlik etdiyi sağ mərkəzçi Demokratik Alyans liderlik edir. Koalisiya 29,5% səs toplayıb.

Onu 28,5% səslə Kostanın Sosialist Partiyası izləyir. Sonrakı yerdə 18,6% səslə səsvermədə nəticələrini nəzərəçarpacaq dərəcədə yaxşılaşdıran ifrat sağçı “Yetər” siyasi qüvvəsi gəlir.

Portuqaliyanın gələcək baş nazirini müstəqil şəkildə təsdiqləmək üçün seçkilərin qalibi parlamentdə yerlərin mütləq əksəriyyətini əldə etməli idi. Bu baş vermədiyinə görə partiyalar öz namizədinə potensial dəstək üçün ölkə məclisinə daxil olmuş digər siyasi qüvvələrlə danışıqlar aparmağa çalışmalıdırlar.