Ukrayna əlavə yardım üçün Yaponiya və Kanada ilə danışıqlar aparır

Ukrayna əlavə yardım üçün Yaponiya və Kanada ilə danışıqlar aparır

ABŞ Konqresi Kiyevə yardımı təsdiq etmədiyi halda, Ukrayna əlavə maliyyə dəstəyi almaq üçün Yaponiya və Kanada ilə danışıqlar aparır.

“Report” xəbər verir ki, bu barədə “Financial Times”a Ali Radanın Büdcə Komitəsinin sədri Roksolana Pidlasa bildirib.

Nəşrin yazdığına görə, Kiyev illik 87 milyard dollarlıq büdcəsinin demək olar ki, yarısını müdafiə xərclərinə ayırıb, daxili gəlirləri isə cəmi 46 milyard dollar təşkil edir.

Gözlənilən səfərbərlik dalğası ilə əlaqədar kəsirin daha da artacağı proqnozlaşdırılır, çünki çağırışçıların maaşları, təlimləri və avadanlıqları üçün xərclər tələb olunacaq.

“Hökumət digər G7 ölkələri, xüsusən də Yaponiya və Kanada ilə əlavə büdcə dəstəyi ilə bağlı danışıqlar aparır. Biz həmçinin qeyri-hərbi xərclərin əhəmiyyətli dərəcədə azaldılmasını və vergi artımını nəzərdən keçiririk”, - Pidlasa bildirib.