İngiltərə Premyer Liqası: “Arsenal” qələbə qazanaraq zirvəyə yüksəlib

İngiltərə Premyer Liqası: “Arsenal” qələbə qazanaraq zirvəyə yüksəlib

İngiltərə Premyer Liqasının 28-ci turu çərçivəsində “Arsenal” “Brentford”u qəbul edib.

“Report” xəbər verir ki, Londonda baş tutmuş oyunu Robert Consun başçılıq etdiyi arbitrlər briqadası idarə edib.

Oyun meydan sahiblərinin kəskin hücumları ilə başlayıb: artıq 19-cu dəqiqədə Deklan Rays Ben Uaytın ötürməsindən topu tora göndərib. Həm hesab, həm də hesab üstünlüyünə baxmayaraq, qonaqlar qapıçı Eron Ramsdeylin ləngiməyindən istifadə edərək status-kvonu bərpa ediblər: birinci hissəyə əlavə edilmiş dördüncü dəqiqədə Yoan Vissa fərqlənib.

İkinci hissədə “arılar”ın nadir əks-həmlələrini saymasaq, oyunu bütövlükdə “Arsenal” idarə edib. “Topçular”ın böyük təzyiqinə baxmayaraq, hesabı dəyişmək ancaq 86-cı dəqiqədə mümkün olub: almaniyalı Kay Haverts Ben Uaytın ötürməsindən sonra başla dəqiq zərbə endirərək oyunda son nöqtəni qoyub – 2:1.

Qeyd edək ki, bu qələbədən sonra “topçular” “Mançester Siti” (62 xal) və “Liverpul”u (63) ötərək turnir cədvəlinin zirvəsinə yüksəlib. “Qırmızılar” və “şəhərlilər”in ehtiyatlarında bir oyun var: martın 10-da komandalar bir-birinə qarşı oynayacaqlar. Heç-heçə bitəcəyi təqdirdə “Arsenal” top fərqinə görə zirvədəki yerini saxlayacaq.

“Brentford” isə 28 oyundan sonra 15-ci pillədə qərarlaşıb. Komanda liqada qalmaq uğrunda mübarizə aparır: “arılar”ı düşüşə aparan 18-ci pillədən cəmi beş xal ayırır.