Bakıda iməcilik keçirilib, 502 küçə və prospekt yuyulub - YENİLƏNİB

Bakıda iməcilik keçirilib, 502 küçə və prospekt yuyulub - YENİLƏNİB

Martın 9-da Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən “Novruz bayramını təmiz şəhərlə qarşılayaq” devizi ilə paytaxtda təmizlik və abadlıqla bağlı geniş ümumşəhər iməciliyi keçirilib.

Bu barədə “Report”a Bakı şəhər İcra Hakimiyyətindən bildirilib.

Qeyd olunub ki, səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 502 əsas küçə və prospektlərinin bitki və canlılara ziyansız yuyucu maddələrlə yuyulmasını təmin edilib və eyni zamanda genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilib: “Bakı Şəhər İcra Hakimiyyətinin çağırışına səs verən müəssisə, idarə və təşkilatların kollektivləri, fərdi sahibkarlar və özəl sektor nümayəndələri, şəhər sakinləri də icra qurumlarının əməkdaşları ilə birlikdə iməcilikdə yaxından iştirak ediblər. Paytaxtın bütün rayonlarını əhatə edən iməcilik Bakı şəhərinin daha da gözəlləşdirilməsinə, əziz Novruz Bayramını təmiz şəhərdə, xoş əhval-ruhiyyə ilə qarşılanmasına böyük töhfədir”, - məlumatda bildirilib.

11:56

Bakı Şəhər İcra Hakimiyyəti Novruz bayramı ərəfəsində paytaxtda “Novruz bayramını təmiz şəhərlə qarşılayaq” devizi ilə ümumşəhər iməciliyi keçirib.

Bu barədə "Report"a qurumdan bildirilib.

Qeyd olunub ki, Bakı Şəhər İcra Hakimiyyəti qurumlarının əməkdaşlarının iştirakı ilə səhər saatlarından başlanan iməcilik paytaxtın bütün rayonlarını əhatə edib. İməcilikdə şəhərin kommunal xidmətləri tərəfindən prospekt və küçələrin, səki kənarlarının, bordyurların və buradakı işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilib.

Meriyanın çağırışına qoşulan ictimai-iaşə, ticarət və digər obyektlərin əməkdaşları da iməcilikdə yaxından iştirak edərək öz obyektlərinin vitrinlərini təmizləyib, ətrafında səliqə-sahman yaradıblar. Eyni zamanda müəssisə, idarə və təşkilatların kollektivləri, şəhər sakinləri də bu iməcilikdə fəal şəkildə iştirak ediblər.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı ağacların üzərinə toplanan toz və torpaq yuyulub, onların dibi yumşaldılıb, ağacların qurumuş budaqları budanıb. Mövsümlə əlaqədar ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib, təbii gübrələr verilib. Eyni zamanda, şəhər ərazisində Abşeron iqliminə uyğun yeni ağaclar, kollar, güllər əkilir, yaşıllıq zolaqları və parklarda qazon örtüyünün yenilənməsi aparılır.

Bakı şəhər kommunal təsərrüfat xidmətlərinin texnikası əsas küçə və prospektlərin bitki və canlılara ziyansız yuyucu maddələrlə yuyulmasını aparıb, əməkdaşlar tərəfindən həyət və yaşayış məhəllələrində, məişət tullantılarının atıldığı konteyner meydançalarının ətrafında əlavə təmizlik işləri görülüb.