Azərbaycan Ermənistanın işğalı altında olan kəndlərin dərhal azad olunmasını tələb edir

Azərbaycan Ermənistanın işğalı altında olan kəndlərin dərhal azad olunmasını tələb edir

Azərbaycan Ermənistanın işğalı altında olan kəndlərinin azad olunmasını tələb edir.

Bu barədə “Birxeber.Az”a Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin xidmətindən bildirilib.

Qeyd olunub ki, Dövlət sərhədinin delimitasiyası üzrə Azərbaycanda və Ermənistanda yaradılmış komissiyaların artıq 7 görüşü keçirilib. Məlumata görə, hazırkı mərhələdə komissiyaların fəaliyyəti çərçivəsində delimitasiya işlərinin aparılması üçün zəruri normativ-hüquqi bazanın yaradılması üzrə işlər aparılır.

“Son vaxtlar Ermənistan mediasında guya Ermənistanın 31 kəndinə məxsus torpaqların Azərbaycanın “işğalı altında” olması barədə hökumət mənbələrindən qaynaqlanan yanlış informasiya fəal şəkildə yayılır. Həmçinin qeyd olunur ki, bunu etiraf etməyən Azərbaycan Respublikası özünün işğal altındakı 4 kəndinin azad olunmasını tələb edir.

Azərbaycan tərəfi bununla bağlı qeyd etməyi vacib bilir ki, dövlət sərhədinin delimitasiyasının aparılmasına qədər Ermənistanın 31 kəndinə məxsus torpaqların “işğal edildiyini” bəyan etmək tamamilə əsassızdır.

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş 4 eksklav olmayan kəndinə (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı) gəldikdə, onlar mübahisəsiz Azərbaycana məxsusdur və dərhal azad edilməlidir.

Delimitasiya prosesi çərçivəsində Azərbaycanın Ermənistanın işğalı altında olan 4 eksklav kəndinin (Yuxarı Əskipara, Sofulu, Barxudarlı və Kərki) azad edilməsi məsələsi də həll olunacaq”.