Britaniyalı ekspert: İslamofobiya nəticəsində müsəlmanlar ciddi təzyiqlərə məruz qalır

Britaniyalı ekspert: İslamofobiya nəticəsində müsəlmanlar ciddi təzyiqlərə məruz qalır

Biz müsəlmanlar nələrin baş verdiyindən xəbərdarıq. Bu mənada, məsələnin kökünə varmalı, həlli istiqamətində addımlar atmalıyıq.

Birxeber.Az xəbər verir ki, bunu İslamofobiya ilə əlaqədar monoqrafiya müəllifi, britaniyalı ekspert Mohammed Sadek Hamid Bakıda keçirilən "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusundakı beynəlxalq elmi konfransda panel müzakirə zamanı deyib.

"İslamofobiya həm sosial, həm də qlobal çağırışdır. Bu, siyasi diskursun sıradan bir formasına çevrilib. Müsəlmanlar bunun nəticəsində ciddi təzyiq və ağrılara məruz qalırlar. Müsəlmanlara qarşı nifrət doğuran çıxışların şahidiyik, bu, son illərdə daha da geniş vüsət alıb. Avropada bu olmamalıdır. Buna görə çox təəssüf edirəm", - o əlavə edib.

Ekspert düşünür ki, islamofobik düşüncə insanların yaşam tərzinə də təsir edir: "Çünki insanlara, yəni müsəlman olanlara nifrət hiss formalaşdırılır. Bu həm də nifrət cinayətlərinin baş verməsinə yol açır. Məscidlərə, müsəlman məbədlərinə hücumlar, qadınlara qarşı ciddi fiziki zorakılıq halları, müsəlman qəbiristanlığındakı vandalizm də bu problemin bir hissəsidir".

Mohammed Sadekin sözlərinə görə, bəzi hökumət liderlərinin sözləri bu cür zərərli düşüncənin genişlənməsinə təkan verir.

"Bu da nəticə etibarilə zorakı düşmənçilik mühiti yaradır. İslamofobiyanı cərəyan olaraq daha da genişlənməsinin şahidi olacağıq. Bu, çox təəssüfedici məqamdır".

Monoqrafiya müəllifi İngiltərədə müsəlmanlara qarşı aşağılayıcı hərəkətlərin adi hal aldığını təəssüflə bildirib.

"London artıq gəzilməz bir yerə çevrilib. Müsəlman qadınların üzərinə maşın sürürlər. Bu yaxınlarda belə hal oldu. Müsəlmanların çoxluq təşkil etdiyi yerlərdə onlara qarşı kəskin nifrət dolu hərəkətlərin şahidiyik. Britaniyada müsəlmanlara qarşı fikir kökündən dəyişməlidir".