Sadek Hamid: Avropa liderləri islamofobiyanın yaratdığı təhlükələrə məhəl qoymurlar

Sadek Hamid: Avropa liderləri islamofobiyanın yaratdığı təhlükələrə məhəl qoymurlar

Avropa liderləri islamofobiya məsələsinə etinasız yanaşır, onun sülh və sabitliyə yaratdığı təhlükəyə məhəl qoymurlar.

"Report" xəbər verir ki, bunu Bakıda "Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə" mövzusunda keçirilən beynəlxalq elmi konfrans çərçivəsində keçirilən plenar iclasda Uels Triniti-Sent-Devid Universitetinin əməkdaşı Mohammed Sadek Hamid deyib.

“İslamofobiya sosial, qlobal problemdir. Bizim Avropa cəmiyyətlərinin çoxu, təəssüf ki, hökumətlərin özləri bunu problem hesab etmirlər. Bu hal normaya çevrilib və bir çox cəmiyyətlərin siyasi və media diskursuna daxil edilib. İndi bu nəzəri və ya akademik bəyanat deyil, bu, reallıqdır”, - o vurğulayıb.

Onun sözlərinə görə, islamofobiya qorxunu artırır və dünyanın əslində uzun müddətdir görmədiyi gərginlikləri yaradır.

S.Hamid qeyd edib ki, Avropada islamofobiyanın yaratdığı qəddarlıq və təcavüzdən ən çox müsəlman qadınlar əziyyət çəkir.