Türkiyə prezidenti Ukrayna ilə Rusiya arasında əsir mübadiləsində kömək etməyə hazırdır

Türkiyə prezidenti Ukrayna ilə Rusiya arasında əsir mübadiləsində kömək etməyə hazırdır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna ilə Rusiya arasında əsir mübadiləsi məsələlərinin həllinə və Qara dənizdə gəmilərin təhlükəsizliyinin təmin edilməsinə kömək etməyə hazır olduğunu bildirib.

“Report” xəbər verir ki, Türkiyə lideri bu barədə İstanbulda ukraynalı həmkarı Volodimir Zelenski ilə danışıqlardan sonra keçirilən birgə mətbuat konfransında danışıb.

“Bir neçə vacib aspekt var: bunlar ərzaq təhlükəsizliyi, əsir mübadiləsi və Qara dənizdə ticarət gəmilərinin təhlükəsizliyinin təmin edilməsidir. Bizə elə gəlir ki, Türkiyənin bununla bağlı müəyyən imkanları var və biz bunu etməliyik. Biz dialoq üzrə tərəfdaşlarımızla təmaslarda bu mövzulara müəyyən müsbət yanaşmalar görürük, ona görə də ümidimizin olmadığını söyləmək olmaz”, - deyə Ərdoğan bildirib.

O, həmçinin qeyd edib ki, Zelenski taxıl göndərmək üçün istifadə edilən limanların təhlükəsizliyinin təmin edilməsinin vacibliyinə diqqət çəkib.