Naxçıvanda məhkum qadınlar təbrik edilib

Naxçıvanda məhkum qadınlar təbrik edilib

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Cəzaçəkmə müəssisəsində Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.

Muxtar respublikanın Ədliyyə Nazirliyinin mətbuat xidmətindən "Report"un yerli bürosuna verilən məlumata görə, tədbirdə Ədliyyə Nazirliyinin əməkdaşı Nuranə Kərimova və Penitensiar Xidmətin əməkdaşı Nizami Nəcəfov çıxış ediblər. Əməkdaşlar əlamətdar gün münasibətilə məhkum qadınları təbrik edib, onlara sağlamlıq, ailə səadəti və qadın xoşbəxtliyi arzulayıblar.

Çıxışlarda Prezident İlham Əliyevin Azərbaycanda qadınlara, uşaqlara, onların hüquqlarının müdafiəsinə göstərdiyi yüksək diqqət və qayğıdan danışılıb.

Sonra qadın məhkumlara hədiyyələr verilib. Tədbir çay süfrəsi arxasında davam edib. Ədliyyə Nazirliyinin əməkdaşları məhkumlarla səmimi söhbət aparıblar.

Tədbirin bədii hissəsində məhkumlar musiqi sədaları fonunda xoş dəqiqələr keçirib, tədbirin təşkilinə görə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə cəzaçəkmə müəssisəsinin rəhbərliyi tərəfindən məhkum qadınlara yaxınları ilə əlavə görüş və uzadılmış telefon danışıqlarına icazə verilib.