Deputat: Qərb dünyasında artan islamofobiya çox təhlükəlidir

Deputat: Qərb dünyasında artan islamofobiya çox təhlükəlidir

Son illər xüsusilə Qərb dünyasında artan islamofobiya çox təhlükəlidir.

“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Tural Gəncəliyev Bakıda "Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə" mövzusunda keçirilən beynəlxalq elmi konfransın “Ali təhsil kontekstində islamofobiya ilə mübarizə" adlı plenar iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, müsəlmanlar əleyhinə nifrət çıxışlarının sayı artır: “Ona görə də biz islamofobiyanın peyvəndini və düsturunu mütləq tapmalıyıq”.

T.Gəncəliyev vurğulayıb ki, azərbaycanlılar öz ölkəsinin ərazisində belə islamofobiya ilə üzləşiblər: “Ermənilər 30 illik işğal dövründə dini abidələrimizi məhv edib. Bundan başqa, Ermənistan öz ərazisində də İslamofobiya, Türkofobiyanı təbliğ edir. Məktəb dərsliklərində bu nifrəti rahatlıqla müşahidə edə bilərsiniz”.

O əlavə edib ki, Qafqazdakı münaqişə sırf Ermənistanın Azərbaycana qarşı ərazi iddiası fonunda başlayıb: "Münaqişə dini fərqlilik fonunda ortaya çıxmayıb".

Tural Gəncəliyev Fransada Xurşidbanu Natəvanın heykəlinin vandalizmə məruz qalmasından da söz açıb: “Biz bunun arxasında ermənilərin, yoxsa fransızlarınmı dayandığını dəqiq bilmirik. Amma bu, Avropadakı siyasətin gerçək üzünü göstərdi. Biz bunun qarşısını almalıyıq, əks təqdirdə, daha təhlükəli hal alacaq”.

Deputat Qərb universitetlərində müsəlmanlara qarşı nümayiş etdirilən tərəfli münasibətdən də bəhs edib: “Mənim bir dostumun fizika üzrə elmi dərəcəsi var. O deyir ki, azərbaycanlı alim öz məqaləsini Qərb ölkələrindən birində dərc etdirmək istəyəndə rədd cavabı alır. Dəqiq elmlərlə gələndə imtina cavabı almaq üçün bir əsas görmürük. Ancaq onlar həmişə bəhanə kimi xüsusi prosedur qaydalarını göstərirlər. Bu ayrı-seçkilik aradan qaldırılmalıdır. Qərb universitetlərində islam tədqiqatları ilə məşhur olan bir müsəlman alim tapmaq mümkün deyil. Müsəlman alimlər Qərbdə müsəlman tədqiqatına münasibət bildirə bilmirlər”.