Azərbaycan millisinin üzvü: "Voleybola qayıtmaqla bağlı hələlik qərar verməmişəm"

Azərbaycan millisinin üzvü: "Voleybola qayıtmaqla bağlı hələlik qərar verməmişəm"

Azərbaycan millisinin üzvü Tural Həsənli voleybola qayıdıb-qayıtmayacağı ilə bağlı hələlik qərar verməyib.

Bu barədə "Report"a açıqlamasında 33 yaşlı oyunçu bildirib.

O, hazırda sağlamlığını düşündüyünü söyləyib. "Müalicəm davam edir. Yavaş-yavaş düzəlirəm. Hər şey yaxşıya doğru gedir. Sağalmaq üçün dərmanlar qəbul edirəm. Ümumi olaraq vəziyyət yaxşıdır".

Həsənli iki dəfə ardıcıl əməliyyat olunmağın ona pis təsir etdiyini vurğulayıb: "İkinci əməliyyatdan sonra çox çəki itirdim. Amma artıq bir aydır ki, bunu bərpa etmişəm. Voleybola qayıtsam, yəqin ki, bu, növbəti mövsümdə olacaq".

Bu ay fəaliyyətini dayandıran "Xarı Bülbül" klubunun formasını geyinmiş yığma üzvü yenidən bu komandanın uğurları üçün çalışmaq istədiyini deyib: "Klubumuz bərpa olunsa, bu vəziyyətdə belə oranın şərəfini qorumağa hazıram. Bunun üçün qürur duyaram".

Tural Həsənlinin “Panatinaikos”a qarşı Çelenc Kubokunun 1/16 final mərhələsinin Yunanıstanda reallaşan cavab oyunu (1:3) ərəfəsində səhhətində problem yaranıb. O, kritik vəziyyətdə Bakıya çatdırılıb və hava limanından birbaşa xəstəxanaya aparılıb. Daxili qanaxması olan voleybolçu bağırsağından ağır əməliyyat keçirib.