Bolqarıstanlı hücumçunun “Turan Tovuz”dan ayrılmasının səbəbi açıqlanıb

Bolqarıstanlı hücumçunun “Turan Tovuz”dan ayrılmasının səbəbi açıqlanıb

Bolqarıstanlı hücumçu Martin Petkovun “Turan Tovuz”dan ayrılmasının səbəbi açıqlanıb.

Premyer Liqa klubunun baş məşqçisi Ayxan Abbasov “Birxeber.Az”a açıqlamasında futbolçu barədə verilən qərarın onun hazırlıq durumu ilə bağlı olduğunu deyib.

Təcrübəli mütəxəssis 21 yaşlı forvardın çıxışında enişin olduğunu vurğulayıb: “Martin Petkov çox yaxşı, perspektivli futbolçudur. Onu böyük ümidlərlə transfer etmişdik. Petkovu daha əvvəldən də gətirməyə çalışmışdıq. Ölkəsindən çıxmaqda tərəddüd edirdi. Ötən ilin yayında komandamıza gəldi, mövsümə də yaxşı başladı. Ancaq sonradan problemləri başladı. Oyundan-oyuna performansında eniş görünürdü. Ardıcıl zədələr aldı, toparlanmağa çalışdı. Təlim-məşq toplanışında ona çox güvəndiyimizi demişdik. Ancaq az oyun şansı qazanması Petkovu üzürdü. Komandada rəqabət var. Futbolçu ilə söhbətimiz oldu, ayrılması yönündə qarşılıqlı razılaşdıq. Martinin futbolçu keyfiyyətinə bələdəm. Tez bir zamanda daha yaxşı olacağına inanıram”.

Ayxan Abbasov komandada başqa ayrılığın gözlənilmədiyini sözlərinə əlavə edib: “Bundan sonra kiminsə gedəcəyinə inanmıram. Heyətə yeni futbolçu cəlb etmək istəyirdik. Bir-iki futbolçu ilə danışıq aparsaq da, alınmadı. Hazırda real variant yoxdur”.

Qeyd edək ki, Martin Petkov mövsümün ilk yarısında Azərbaycan Premyer Liqasında keçirdiyi 14 oyunda 3 qol vurub.